2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında ticarət kreditləri və avanslar maddəsi üzrə 1 mlrd. 553,9 mln. dollar məbləğində aktivlərin artımı qeydə alınıb
Mərkəzi Bankdan bildirilib ki, 2016-cı ilin noyabrın 28-də “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
"Dəyişikliklərə əsasən hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 (yüz səksən) gün müddətində malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Eyni zamanda 10 fevral 2017-ci il tarixində “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bu dəyişikliklər nəticəsində avans ödənişləri müqabilində mal və xidmətlər vaxtında ölkəyə gətirilməli və mal və xidmət ixracına görə vəsaitlər isə vaxtında ölkəyə daxil olmalıdır", - deyə məlumatda vurğulanıb.
AMB-dən qaydalarda qeyd olunan dəyişiklikləri əsas gətirərək bildirilib ki, həm qabaqcadan ödənişlər müqabilində idxal olunmalı mal və xidmətlərin 180 gün ərzində ölkəyə gətirilməsi, həm də ixrac olunmuş mallar üzrə vəsaitlərin 180 gün ərzində ölkəyə daxilolması nəticəsində tədiyyə balansında ticarət kreditləri və avanslar üzrə xalis aktivlərin 2016-cı ilin 9 ayı ilə müqayisədə 928,7 mln. dollar və ya 37,4% azalmasına səbəb olub: "Eyni zamanda hesabat dövrü ərzində idxal da 3,5 faiz azalıb ki, bu da ticarət kreditlərinin azalmasına təsir edir".
AMB-dən vurğulayıblar ki, ümumilikdə, ticarət kreditləri və avansların azalması həm ölkənin tədiyyə balansında valyuta kəsirinin azalması, həm də valyuta nəzarətinin (kapital axınlarına nəzarət) effektivliyinin artırılması baxımından müsbət əhəmiyyət kəsb edir: "Bu da makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üçün zəmin yaradır".
Qeyd edək ki, tədiyyə balansının metodologiyasına əsasən ticarət kreditləri və avanslar üzrə aktivlər 2 hissədən - xaricə köçürülmüş qabaqcadan ödənişlərdən yaranan aktivlər (hesabat dövrünün sonuna dəyəri ödənilmiş, lakin ölkəyə hələ ki, idxal edilməmiş mal və xidmətlərin dəyəri) və xaricə ixrac olunmuş, lakin dəyəri ölkəyə hələ ki, ödənilməmiş mal və xidmətlərin dəyərindən ibarətdir.
MilliYol.Az
Digər xəbərlər
loading...