- Böyük Britaniyanın “Daily Express” nəşri dünyada terror təhlükəsi olan ölkələri sıralayıb. Azərbaycan orta təhlükəli ölkələr sırasında göstərilib. Siz necə hesab edirsiniz, Azərbaycanda terror təhlükəsi varmı?
- Terror təhlükəsi dünyanın əksər ölkələrində orta və yüksək səviyyədə mövcuddur. Azərbaycan ona görə orada yer alıb ki, əhalisinin əsas hissəsi İslam dininə sitayiş edir. İslam isə bilirsiniz ki, radikal islamçıların hədəfindədir. Ölkəmizdə zaman-zaman kiçik miqyaslı terror aksiyaları həyata keçirməyə cəhdlər olub. Geniş miqyaslı olmasa da, bəzilərini həyata keçiriblər. Yəqin ki, burada ermənilərlə münaqişə vəziyyətində olduğumuz da nəzərə alınıb. Erməni terrorçu qruplaşmaları da hər zaman Azərbaycanda hansısa terror aksiyasını həyata keçirmək istəyə bilər. Amma indiki halda İŞİD təhlükəsi daha realdır. Türkiyə kimi, İraq kimi, Suriya kimi, hətta Mərkəzi Avropa ölkələri kimi olmasa da, müəyyən dərəcədə hədəfdə varıq. Nəzərə alın ki, İŞİD üzvlərinin əksəriyyəti Şimali Qafqazdandır. Azərbaycanın Şimali Qafqazla sərhəddə olması da, yəqin ki, bu qənaətə təsir edib.- Azərbaycanın terrora qarşı təhlükəsizlik səviyyəsi haqda nə deyə bilərsiniz?
- Nəzərə alsaq ki, indiyədək bizdə terrorun miqyası aşağı səviyyədə olub, vəziyyəti normal qiymətləndirmək olar. Ola bilsin ki, vaxtında qarşısı alındığına görə, Azərbaycanda terror cəhdlərinin bəzilərindən xəbərimiz olmayıb. Ona görə də demək olar ki, bu istiqamətdə əməliyyat şəraitinə nəzarət olunur. Amma terror elə prosesdir ki, qarşıya bir nömrəli hədəf kimi qoyulanda, təhlükəsizlik xidmətinin peşəkarlığı çox az rol oynayır. Terror gözlənilməyən anda, gözlənilməyən yerdə baş verir. Amma indiyəqədərki fəaliyyəti normal qiymətləndirmək olar.- Yeri gəlmişkən, Avropa ölkələrində baş verən terror hadisələrinin həmin ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanması versiyası nə dərəcədə ağlabatandır?
- Terrorun həmin ölkələrə nə siyasi, nə başqa baxımdan heç bir xeyri yoxdur. Bunu söyləmək dünyada terroru törədən təşkilatları təmizə çıxarmaq deməkdir. Sonradan Avropa ölkələrində elə bir addım atılmaylb ki, deyək bunu bəhanə edib, hansısa bir tədbir gördülər. Məsələn, müsəlmanları ölkədən çıxardılar. Tarixən belə hadisələr baş verib, amma, indiki halda, İŞİD yarandıqdan sonra bu versiyaları səsləndirmək düzgün deyil.- Avropa ölkələrindəki terror aktlarından sonra elə həmin ölkələrin mütəxəssisləri polisin və xüsusi xidmət orqanlarının fövqəladə vəziyyətə hazırlıqsız olduqlarını deyərək, tənqid etdilər...
- Terrorçular qabaqcadan elan etmir ki, mən sabah filan yerdə aksiya keçirəcəm, o ərazi yüksək qorunmaya alınsın və burada təhlükəsizlik xidmətlərinin peşəkarlığı xüsusi olaraq önə çəkilsin. Dünyanın ən böyük kəşfiyyat sisteminə malik olan ölkələrdə - İsraildə, ABŞ-da, Fransada, Belçikada terror törədilir. Bu o demək deyil ki, onların xüsusi xidmət orqanları bu işə peşəkar yanaşmırlar. Sadəcə olaraq ekstremal situasiyada sonradan necə hərəkət etmək məsələsi var.- Türkiyə mətbuatında Azərbaycan ordusunda Fətullah Gülənə bağlı qrupun olması versiyası irəli sürülmüşdü. Bu, mümkündürmü?
- Nəinki orduda, ümumiyyətlə, Azərbaycanda nurçuların heç bir rolu yoxdur. Bu, bir az şişirdilmiş məsələdir. Xüsusilə də orduda belə bir şey ola bilməz. Tək-tək adamlar ola bilər, amma Azərbaycanda Gülənə bağlı böyük bir şəbəkənin olduğunu demək mümkün deyil.- Rusiya prezidenti Vladimir Putin ölkədə kadr dəyişikliyi aparıb, bir neçə keçmiş DTX və FTX əməkdaşın vəzifəyə gətirib. Bu cür kadr islahatları nə ilə bağlıdır?
- Putin xüsusi xidmət orqanlarının əməkdaşlarını idarəetməyə gətirib, ölkədə idarəetməni sərtləşdirmək istəyir. Bu dəyişikliklər ölkə idarəetməsində başqa yöndən heç nəyi dəyişəsi deyil.
MilliYol.Az