Qaynarinfo.Az Milli Məclisin deputatlarından ANS TV-nin lisenziyasının ləğv edilməsinə münasibət öyrənib.
Deputat Fəzail Ağamalı ANS-in bağlanmasına çox təəsüfləndiyini bildirib: "Ümid edirəm ki, bu məsələ bir daha hüquqi müstəvidə qiymətləndiriləcək. Hər halda, təkcə ANS-in deyil, çoxsaylı tamaşaçıların arzu və istəkləri nəzərə alınacaq. Çox arzulayardım ki, ANS telekanalı öz fəaliyyətini davam etdirsin".
Deputat Vahid Əhmədov bildirib ki, ANS Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış kanaldır: "Azərbaycanın tarixini əks etdirən kadrlara və qızıl fonda malikdir. ANS hər zaman dövlətin və dövlətçiliyin maraqlarını qoruyub. Türkiyədə baş verən son hadisələrlə əlaqədar ANS gecə səhərə qədər yayım aparıb. Bu yayımlarda nöqsanlar da olub. Nöqsanlarla əlaqədar ANS-in rəhbərliyi də üzr istədi. Bu kanalı müvvəqəti bağlamaq olar. Orda yaxşı kadrlar var. Bunlar Azərbaycan ictimaiyyəti üçün çox lazımlıdır. Təəssüf ki, biz məhkəmə qərarı ilə mübahisə edə bilmərik. Səhv hər yerdə olur. Yəqin ki bir müddətdən sonra bu məsələyə yenidən baxılar".
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Milli Televiziya və Radio Şurasının 25 oktyabr 2013-cü il tarixli qərarı ilə «ANS» Müstəqil Yayım və Media Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.
MilliYol.Az