ABŞ Dövlət Departamenti təsdiq edib ki, Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar verilib
Virtualaz.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hazer Nauert ötən gün keçirdiyi brifinqdə bildirib.
Nauert deyib ki, Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərilməsini nəzərdə tutan qanun (CAATSA) çərçivəsində tətbiq edilən sanksiyalar nəticəsində artıq Rusiyanın hərbi-sənaye kompleksi 3 milyard dollarlıq sövdələşmə itirib.
“Mahiyyətcə bu sövdələşmələrin pozulması cəza tədbiridir. Niyə? Ona görə ki, Rusiya büdcəskinə daha az vəsait daxil olur. Beləliklə də bu tədbirlər Rusiyanı məsuliyyətə cəlb etmək baxımından uğur hesab edilə bilər”-Dövlət Departamentinin sözçüsü bildirib.
Hazer Nauert deyib ki, xaricdəki bütün Amerika diplomatik missiyalarına Rusiya ilə işgüzar münasibətlərin, ilk növbədə hərbi-sənaye kompleksi ilə tərəfdaşlığın məhdudlaşdırılması üçün səylər göstərmək tapşırığı verilib.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq İrəvana qarşı yönəlib. Çünki son illər Ermənistan güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlamışdı.
“Azadlıq” radiosunun erməni xidməti bu xəbərdarlıqla bağlı səfirliyə sorğu göndərib. Diplomatik missiya cavab olaraq bildirib ki, Ermənistan hökuməti Rusiya şirkətləri ilə hərbi-kəşfiyyat sahəsində sövdələşmələrin bağlanacağı təqdirdə sanksiyalarla üzləşəcəyi haqda xəbərdarlıq alan tək hökumət deyil.
“Biz Konqres tərəfindən qəbul edilən və ABŞ-ın rəqiblərinə sanksiyalarla təsir göstərməyi nəzərdə tutan qanunu icra edirik. Xarici dövlətlər və şirkətlər məlumatlandırılıb ki, ABŞ-ın sanksiyalar siyahısına daxil edilən Rusiya şirkətləri ilə əhəmiyyətli sövdələşmələrə gedənlər bizim sanksiyalarımızın təsiri altına düşə bilər”-səfirlik bildirir.
Bununla belə səfirlik məhz hansı ölkələrə və şirkətlərə xəbərdarlıq edildiyini dəqiqləşdirməyib.
“Biz sanksiyaları əvvəlcədən müzakirə etmirik. Bu sanksiyalar barədə o zaman elan edirik ki, onlar artıq mövcuddur, tətbiq edilib. Ümumiyyətlə, əgər sanksiyalar olacaqsa bu Rusiya ilə hərbi-kəşfiyyat sferasında əhəmiyyətli sövdələşmələrə girən qeyri-rusiya şkirkətləri ilə bağlı olacaq”-ABŞ səfirliyi əlavə edib.
Ermənistan Müdafiə Nazirliyi isə ABŞ-ın sanksiyalar barədə xəbərdarlığını şərh etməyib. Bu məsələnin “əlavə araşdırma tələb etdiyini” bildirməklə kifayətlənib.
Heç şübhəsiz ki, ABŞ-ın sanksiyalar barədə xəbərdarlığı Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq edən ölkələr və onların şirkətləri üçün ciddi çəkindirici amil olacaq. O cümlədən Rusiyadan milyardlarla dollarlıq yeni silah-texnika alan Azərbaycan üçün. Doğrudur, Azərbaycan 2010-2011-ci illərdə bağlanmış müqavilələr əsasında Rusiyadan böyük həcmdə silahlar və texnika artıq əldə edib. Bu müqavilələr üzrə təchizat davam etməkdədir. Lakin Azərbaycan Rusiya ilə yeni silah müqavilələrinin imzalanmasını da nəzərdən keçirirdi. Bu baxımdan ABŞ-ın xəbərdarlığı Bakını belə niyyətdən çəkindirə bilər.
Bununla belə Azərbaycan öz ordusunun silahlanmasını şaxələndirməyə çoxdan nail olub. Bir tərəfdən Azərbaycanın özünün hərbi sənayesi təşəkkül tapıb və bir çox silah növlərini istehsal edir, onları silahlı qüvvələrə verir və hətta ixrac edir. Digər tərəfdən Azərbaycanın İsrail, Pakistan, Türkiyə, Belarus kimi ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində uğurlu əməkdaşlığı mövcuddur. Son vaxtlar isə Avropa ölkələrinin iri hərbi-sənaye şirkətləri Azərbaycanla tərəfdaşlığa maraq göstərirlər. Bu baxımdan Rusiya ilə silah sövdələşmələrini məhdudlaşdırılsa belə bunun Azərbaycanın hərbi potensialına təsiri az olacaq.
Ermənistan isə acınacaqlı vəziyyətə düşəcək. Çünki bu ölkənin bazar qiymətləri ilə başqa ölkələrdən yeni silahlar almaq imkanı yoxdur. Rusiya Ermənistana güzəştli qiymətə və kredit hesabına silahlar verir, ancaq bunlar da yeni silahlar deyil. Daha çox işlənmiş texnikadır. İndi bu sövdələşmələrin məhdudlaşdırılması Ermənistan üçün şübhəsiz ki, ciddi problem yaradacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...