Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib
Onun sözlərinə görə, çayçılıqda, düyü istehsalında və sair sahələrdə müəyyən problemlər var:
“Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu, çox mühüm məsələdir. Son vaxtlar qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kənd təsərrüfatına diqqət həddən artıq böyükdür. Çünki bu sahənin ixrac yönümlü məhsulları var. Eyni zamanda idxalı azaltmaq lazımdır”.
Vahid Əhmədov bildirib ki, kənd təsərrüfat məhsullarının ixracı müəyyən qədər artıb:
“2016-ci ilə nisbətən ötən il kənd təsərrüfatı malları 20 faiz artıq ixrac olunub. Digər tərəfdən çay, düyü məhsullarını böyük həcmdə idxal edirik və külli miqdarda valyuta xaricə getmiş olur. Bunun qarşısını almaq üçün İlham Əliyev sərəncam verdi. Fikrimcə, bu proqram həm daxili bazarda məhsul istehsalını genişləndirəcək, həm də ixracı artıracaq”.
Millət vəkili qeyd edib ki, işlək əhalinin 38 faizi kənd təsərrüfatı ilə məşğuldur:
“Artıq bu sahədə ikinci mərhələ başlayır. Mingəçevirdə 9 fabrikdən ibarət sənaye parkı yaradılır. Emal müəssisələrinə də diqqət böyükdür. Əvvəllər xammal xaricdən gətrilirdi. Amma indi xammal özümüzün olacaq və hazır məhsul xaricə satılacaq. Bunun üçün belə fabriklərə ehtiyac var. Bu sahədə də proqram var və müvafiq işlər görülür. Həm çay, həm də toxuculuq fabriki tikilir. İşlər davam etdiriləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Digər xəbərlər
loading...