Bakıda Bayıl yamacında sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən 67 evin sahibinə kirayə haqları "Kapital Bank" vasitəsilə ödəniləcək
Bu barədə Trend-ə açıqlamasında sakinlər deyiblər.
Sakinlər bildiriblər ki, kirayə haqlarının ödənişi üçün onlara veriləcək plastik kartlar hazırdır: "İcra Hakimiyyətindən deyiblər ki, kartlar "Kapital Bank"ın Səbail rayon filialındadır. Fevralın 21-də kartlar bizə təqdim ediləcək. Kirayə haqları aylıq minimum 260 manatdan başlayır. Yəni ailə üzvləri 2-3 nəfər olanlara 260 manat, ailə üzvlərinin sayı daha çox olanlara isə artıq məbləğ veriləcək. Kirayə haqları 11 ay ödəniləcək".
Xatırladaq ki, ötən gün Səbail rayon İcra Hakimiyyətindən sakinlərə kirayə haqqı müavinətlərinin bu gün veriləcəyi barədə bildirilmişdi.
"Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov Trend-ə bildirib ki, bank tərəfindən hələlik sakinlərə veriləcək kirayə müavinətlərinin vaxtı konkret məlum deyil: "Əksər vaxtlarda sosial tipli odənişlər "Kapital Bank" vasitəsilə verilir və bu hal da istisna edilmir. Hazırda prosedura əsasən işlər aparılır və vəsait köçürülən kimi sahiblərinə təqdim olunacaq".
Xatırladaq ki, bu il yanvarın 24-də Bayıl yamacında baş verən sürüşmə nəticəsində həmin ərazidəki fərdi yaşayış evlərində təhlükəli çatlar əmələ gəlib. Hadisə nəticəsində sakinlər təhlükəsizlik məqsədilə sığınacağa yerləşdirilib. Sürüşmədən bir neçə gün sonra ərazidə 4 ev təmamilə uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.
Digər xəbərlər
loading...