Latviyada ölkənin ikinci ən iri bankı olan “ABLV Bank” ətrafında başlayan və sürətlə bu ölkənin bank sektorunda ciddi təlatüm yaradan qalmaqal getdikcə dərinləşir
Xəbər verildiyi kimi ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə şəbəkəsi FinCEN bu bankın Rusiya, Azərbaycan və Ukraynadan milyardlarla dollar çirkli pulların yuyulmasını həyata keçirdiyini bildirib və sanksiya tətbiq edib.
Demək olar ki, ABŞ-ın sanksiyasından iki gün sonra Latviya Mərkəzi Bankının (Bank Latviya) prezidenti İlmar Rimşeviç antikurropsiya bürosu tərəfindən saxlanılıb. Daha sonra girov əvəzində sərbəst buraxılan Mərkəzi Bank rəhbəri korrupsiyada və bank sektorundan rüşvət yığmaqda şübhəli bilinir.
“ABLV Bank”ın Bakıda, İçərişəhərdə yerləşən “AG Centre” biznes mərkəzində ofisi var və bank çevrələrindəki qaynaqlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudası Cahangir Hacıyevin həmin bankla əlaqəli olduqlarını bildirir.
Latviya parlamentinin müdafiə, daxili işlər və korrupsiyaya qarşı mübarizə komissiyasının sədri Aynar Latkovskis bildirib ki, İlmar Rimşeviçin və “ABLV Bank”ın işi ilə bağlı təcili olaraq ABŞ Federal Təhqiqatlar Bürosundan, habelə Dələduzluğa qarşı mübarizə üzrə Avropa Bürosundan (OLAF) kömək istəmək lazımdır. Onun sözlərinə görə, qərb ölkələrinin bu qalmaqala diqqətini nəzərə alaraq məsələni sürətlə və peşəkar təhqiq etmək zərurəti var. Hökumət isə lazım gəlsə təhqiqata əlavə müstəntiqlər və prokurorlar cəlb etməlidir. Əks halda Latviyanın imici və kredit reytinqi zədələnə bilər.
Latviya hökuməti bildirir ki, Mərkəzi Bank prezidentinin saxlanılması və “ABLV Bank” ətrafındakı qalmaqal bir-biri ilə bağlı deyil. Hərçənd bu əlaqənin yaxın zamanda ortaya çıxacağı da istisna olunmur.
Mərkəzi Bank rəhbəri “Novik banka” adlı kommersiya bankının səhmdarı Qriqori Quselnikovun və digər səhmdarların London məhkəməsinə təqdim etdiyi iddia əsasında saxlanılıb.
Quselnikov “Assosiated press”ə bildirib ki, Rimşeviçə bağlı şəxslər “Norvik banka”dan Rusiya mənşəli pulların yuyulmasını tələb edirdilər. Habelə Mərkəzi Bank rəhbəri vasitəçilər üzərindən 2015-ci ildən etibarən dəfələrlə onlardan rüşvət tələb edib. Rüşvət verməyəcəkləri halda maliyyə və kapital bazarları üzrə Komissiyanın banka təzyiq göstərəcəyini deyiblər.
Quselnikov deyir ki, Rimşeviçlə ilk dəfə 2015-ci ildə görüşüb. Əvvəlcə onu Renar Kokins adlı biri ilə tanış ediblər. Kokins bankiri Riqa ətrafındakı evdə görüşə çağırıb, Mərkəzi Bank rəhbəri də görüşə gəlib. Rimşeviç ona deyib ki, bankın fəaliyyətinə kömək edə bilər. Çünki maliyyə və kapital bazarları üzrə Komissiyada (banklar üzərində nəzarət təmin edən orqan) sözü keçir. Bunun üçün Quselnikova “Kokinsin dediyini eləmək” lazım idi.
Rimşeviç 10 dəqiqədən sonra çıxıb gedib, Kokins isə kağıza “ayda 100.000” yazaraq bankirin qarşısına qoyub. Mərkəzi Bank rəhbərinin adamı “ödəmək” sözünü istifadə etməyib, amma bildirib ki, bütün banklar bu cür “əməkdaşlıq” edir.
Lakin Quselnikov bu görüşdən sonra rüşvət vermək istəmir. Nətcədə onun bankına təzyiqlər başlayır.
Quselnikov deyir ki, Kokins görüşlərdən birində ona “Norvik banka” üzərindən Rusiyadan 100 milyon dolların köçürülməsini təklif edib. Bildirib ki, Quselnikov əvəzində 1 milyon dollar özünə götürə bilər.
“Assosiated press” bildirir ki, Kokins 2010-cu ildən bəri ayda təxminən bir dəfə Rusiyaya gedib, orada bir neçə saat qalandan sonra geri qayıdıb.
MilliYol.Az
Digər xəbərlər
loading...