Əslən Salyan rayonundan olan iş adamı Həsənov Mirpaşa Əliqulu oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, uzun müddətdir Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə etibar etdiyi külli miqdarda pullunun taleyi ilə maraqlana bilmir
Onun sözlərinə görə, bir neçə ildir ki, sahibkar Şirzad Abdullayevlə görüşə cəhd etsə də, qəbuluna düşməyə müvəffəq olmur. İş adamı saytımıza açıqlamasında bildirib ki, bu hadisənin tarixi 1993-cü ilə gedib çıxır:
“Həmin vaxt mən bizneslə məşğul olurdum. “Kür” adlı kiçik müəssisəm vardı. Əsasən də, MDB ölkələri ilə mal mübadilələri edirdim. Bunun üçün mən “Azinvestisiya” adlı səhmdar bankında hesab açdırdım. O vaxt sözügedən bankın müdiri Şirzad Abdullayev idi. Yaxşı biznes fəaliyyətim olduğu üçün, hesabımda külli miqdarda pul vardı. Bunu görən Şirzad Abdullayev 1993-cü ildə mənə dedi ki, qoyulan yeni tələbə görə, onun rəhbərlik etdiyi bank Milli Bankdan qeydiyyatan keçməlidir və bunun üçün tələb olunan nizamnamə kapitalı onda çatmır. O, mənə təklif etdi ki, 10 milyon (o vaxtkı məzənnə ilə – red) pul köçürməklə bankın payçısı olum. Elə həmin vaxt mən Şirzad Abdullayevlə müqavilə imzaladım. Həmin müqavilənin notarial təsdiqlənmiş forması mənim əlimdədir. Müqavilənin şərtlərindən aydın görünür ki, məbləği ödəməklə mən Şirzad Abdullayevin bankının payçısı olmuşam. Onların da öhdəlikləri bundan ibarət idi ki, bankın gəlirləri və çıxarları haqda məni hər kvartal məlumatlandırsınlar. Elə o ərəfələrdə mən işlərimlə əlaqədar bir müddət Rusiyada qalmalı oldum. Ancaq həmin müddətdə də Şirzad Abdullayev bir dəfə də olsun məni axtarmadı. Azərbaycana qayıdandan sonra isə nə həmin bankı, nə də Şirzad Abdullayevi tapa bildim. Bir neçə il üstündən keçəndən sonra eşitdim ki, Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru təyin edilib. Müxtəlif vaxtlarda, dəfələrlə onunla görüşüb bu məsələni aydınlaşdırmaq istəsəm də, məni qəbul etməyib. Mən bunu söz olaraq demirəm, əlimdə dediklərimi təsdiq edən və Şirzad müəllimin özünün imza atdığı sənəd var. Sizin sayt vasitəsilə ondan xahiş edirəm ki, məni qəbul etsin və ona etibar etdiyim külli miqdarda vəsaitin taleyinin necə olduğu barədə məni məlumatlandırsın. Hər halda, bunu tələb etməyə mənim tam haqqım çatır. Axı mən həmin pulları yoldan tapmamışdım, öz halal zəhmətimlə qazanmışdım”.
Azinforum.az olaraq mövzu ilə bağlı Şirzad Abdullayevin də mövqeyini öyrənməyə cəhd etdik, ancaq səylərimiz alınmadı. Qarşı tərəf kimi onun da fikirlərinə yer verməyə hazırıq.
İş adamı SKMF-in direktoru Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir:
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...