Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.
Təqvim planına əsasən referendumla bağlı bildirişlərin çap olunması avqustun 17-də başa çatacaq. Səsvermədə “exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.
Referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb.
Referendumdan sonra isə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilib-keçirilməyəcəyi istiqamətində mediada müzakirələr başlayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalının olduğuna işarə edib. O, publika.az saytına müsahibəsində deyib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür: “Proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir”.
YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun da “Azərbaycan” qəzetinə müsahibəsində verdiyi açıqlamadan belə anlaşılır ki, referendumdan sonra növbədənkənar prezident seçkiləri keçirilməsi gözlənilir. Ə. Əhmədov qeyd edib ki, Afrikanın şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyas almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib.
Sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür: “Həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər. Dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini, sadəcə olaraq, qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək.
Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Prezident İlham Əliyevin konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır. Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Bir sözlə, konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.
Artıq müxalifət düşərgəsində də ölkədə növbədənkənar prezident seçkisinin keçiriləcəyi rəyi formalaşıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”a bildirib ki, hakimiyyətin tələsik olaraq referendum keçirmək istəyi ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsi təşəbbüsünün də irəli sürülmə ehtimallarını gücləndirir: “Ancaq biz, hər halda, referendumun keçirilməsinə qarşı çıxmağa və bu referendum nəticəsində ölkədə dövlət quruluşu sisteminin dəyişdirilməsinin qarşısını almağa çalışacağıq. Biz hesab edirik ki, mümkün qədər tez parlamentli respublika sisteminə keçmək Azərbaycan cəmiyyətinin və dövlətin maraqlarına xidmət edir”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, konstitusiyada yeni təklif olunan dəyişiklik ölkə prezidentinə növbədənkənar prezident və parlament seçkiləri təyin etmək hüququ verir: “Böyük ehtimalla 26 sentyabr referendumundan sonra ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi gündəmə gətiriləcək. Bu, gözləniləndir. Son illərdə Qazaxıstanda və digər bu cür prosesin getdiyi ölkələrdə də belə addımlar atılıb”. (Yeni Musavat)
MilliYol.Az
Digər xəbərlər
loading...