Ermənistanda süni surətdə qızışdırılan qarşıdurmalar uydurulmuş məsələlərdir. Sarkisyan ölkəni məhz Qarabağa görə bir-birinə qatır. Ermənistanda belə bir fikir formalaşıb ki, guya danışıqlar prosesində Rusiyanın təklif etdiyi yol xəritəsi Azərbaycan üçün xeyli güzəştlər vəd edir. Ancaq sözügedən güzəştlərin nədən ibarət olduğunu açıqlaya bilmirlər.
Bu barədə axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, Dağlıq Qarabağın həlli çoxdan tapılıb:
"NATO-nun son sammitində qeyd edildi ki, postsovet dövlətlərinin ərazi bütövlüyü Helsinki yekun aktının müddəalarına uyğun surətdə həyata keçirilməlidir. Yəni hər hansı bir ərazi, sərhəd dəyişikliyinə gedilə bilməz. Beləliklə, Dağlıq Qarabağın taleyi də öz həllini tapmış olur. Güman edirəm ki, prezidentlərin Paris görüşündə Qarabağ məsələsi daha ciddi və sərt şəkildə qoyulacaq. Çünki Fransa nə qədər ermənipərəst dövlət olsa da, NATO-nun üzvüdür və sammitdə qəbul edilmiş qərarlara tabe olmaq məcburiyyətindədir. Helsinki yekun aktının müddəalarının nizamlanma prosesinə tətbiq edilməsi üçün həmsədr ölkə kimi Fransa da səy göstərməlidir".
Politoloqun sözlərinə görə, Azərbaycan dünya siyasətində baş verən pozitiv dəyişiklikləri nəzərə almaqla inadla ərazi bütövlüyünün bərpasını tələb edəcək:
"Danışıqlar prosesinin əsas məğzini erməni qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistan ətrafında yaradılmış blokadanın götürülməsi, yəni kommunikasiya vasitələri, dəmir yolu və qaz kəmərlərinin açılması, həmçinin Türkiyə tərəfdən də blokadanın qaldırılması, Sürix protokollarının işə düşməsi təşkil edəcək. Hətta danışıqlar uğurlu gedərsə, Ermənistanla diplomatik münasibətlər də yaradılacaq. Əgər Sarkisyan bütün bu müddəalara əməl etsə və sülhyaratma prosesində müəyyən kompromislərə getsə, Ermənistan bölgədəki irimiqyaslı layihələrə qoşula, iki ölkə arasında düşmənçilik aradan qalxa bilər. Bu, hər iki ölkəyə sərf edən ən yaxşı variantdır. Hazırda Ermənistana təzyiq böyükdür, İrəvanın qarşısına beynəlxalq hüquq normalarına əsaslanan faktlar qoyulub və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsi tələb olunur".
Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...