Rusiya prezidenti Vladimir Putinin Azərbaycanna planlaşdırdığı səfər haqqında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh yazıb. "Milli Yol" şərhi təqdim edir:
Mayın 7-də xəbər yayıldı ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gündən sonra Azərbaycana səfər edəcək. Daha sonra xəbər yayıldı Putin mayın sonunda Azərbaycana səfər edəcək. Hiss olunur ki, bu xəbərlər Rusiyanın hakimiyyət kanallarından yayılır. Görünür, Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir. Çünki, rəsmi Bakı Putinin Azərbaycana səfərinin detalları barədə məlumatlı deyil.
Mayın 8-də isə Vladimir Putin bir çox dövlət başısına təbrik məktubu göndərdi. Həmin məktublarda Putin İkinci Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə həmkarlarını təbrik edirdi. Putin belə bir təbrik məktubunu Azərbaycan prezidenti İlham Əliyevə də göndərdi. Məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”. Cümlənin sonuncu hissəsi ilə Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması məqsədilə müharibəyə başlamasın, çünki nəticədə hər iki tərəfdən böyük itkilər ola bilər.
Putin Bakıya hansı təkliflə gəlir? Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürmək mümkündür:
Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlliyla bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfdən atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək.
İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı "Kazan prinsiplərini” yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Putin bunula bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır”, "insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan "Kazan prinsipləri” Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir.
Azərbaycanın hakim dairələri və cəmiyyəti Rusiyanya inamı azdır. Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml, sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir.
"Milli Yol"
Digər xəbərlər
loading...