Britaniya mətbuatında "Qırmızı internet: Rusiyanın rəqəmsal diktatorları ilə yeni internet inqilabçılarının müharibəsi" kitabının müəllifi Andrey Soldatov "Financial Times" qəzetində oxuculara Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinin incəliklərini izah etməyə çalışıb
O yazır ki, Rusiyanın xüsusi prokuror Robert Müllerin ittihamnaməsində açıqlanmış müdaxiləsini yaxşı başa düşmək üçün 18 il əvvələ baş vurmaq lazımdır.
2000-ci ildə ikinci Çeçen müharibəsi adlanan qəddar hərbi kampaniyanın kəllə-çarxda olduğu vaxtlarda Kreml informasiyanın təbiətinə yeni baxış formalaşdırdı. Təzəcə prezident təyin edilmiş Vladimir Putin bu silahı yoxlamaq qərarına gəlmişdi.
O rus xalqına Moskvanın birinci Çeçen müharibəsində uduzmasının səbəbini özünəməxsus şəkildə izah edərək deyirdi ki, bunun başlıca baiskarları liberal jurnalistlər və onların əcnəbi həmkarları olublar. Onun sözlərindən belə çıxırdı ki, müstəqil informasiya vasitələrini susdurmaq lazımdır.
İki ilin ərzində bu məqsədə nail olunmuşdu, amma təkcə bir sahə qalırdı: serverləri xaricdə olan çeçenpərəst saytlar hələ də işləyirdi. Qərb Kremlin bütün cidd-cəhdlərinə baxmayaraq onları bağlamamışdı. Sonra isə, 2002-ci ildə populyar çeçen saytlarından biri dağıldı. Bu sayta Sibirdəki Tomsk şəhərinin tələbələri haker hücumu etmişdilər. Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsi tələbələrin bu hərəkətini müdafiə etmiş və bildirmişdi ki, bu, "onların bir vətəndaş kimi mövqelərini bildirmələrinin legitim formasıdır".
O vaxtdan bəri kibernetik dezinformasiya kampaniyaları Rusiyanın silahına çevrildi. Bu kampaniya xaricdə ziddiyyətli əməliyyatlar aparmaq və sonra da onları danmaq imkanı verirdi.
Bu gün Kremlin kiberkampaniyaları qeyri-adi komanda zəncirindən istifadə edir. Çünki bu işi Qərbdə olduğu kimi ölkənin rəsmi kəşfiyyat orqanları yox, hökumətə bağlı biznesmenlər aparır.
Cənab Putinin təyin etdiyi generalların və diplomatların qərbli həmkarları ilə kibermüharibə təhlükəsinin qarşısının alınması üçün sazişlər əldə etməyə çalışdığı bir vaxtda Rusiya hakerləri sistematik qaydada Qərb internet saytlarına hücumlarını davam etdirirlər. Bu isə o deməkdir ki, Rusiya rəsmiləri bu cür müdaxilələri dananda, yalnız qismən qeyri-səmimi olurlar.
2016-cı ilin iyulunda Amerika FTB-si Demokratik Partiyanın e-maillərinə haker hücumlarını araşdrımaq qərarına gəlmişdi. ABŞ kəşfiyyatı Rusiyanın dövlət müdaxiləsi haqqında bəyanatlar versə də, Kremlin ABŞ siyasətinə müdaxiləni necə planlaşdırdığına dair etibarlı məlumatlar yox idi.
Bəyanatlarda Rusiyanın kəşfiyyat agentlikləri ittiham olunsa da, bunun Kremllə bağlılığını göstərən sübutlar əldə deyildi. Cozy Bear və Fancy Bear kimi haker qrupları barəsində araşdırmalar aparılırdı, lakin onlarla Rusiya hökuməti arasındakı əlaqəni isbat etmək mümkün olmurdu. Bu haker hücumlarını törədənlərdən heç birinin adları çəkilmirdi.
Lakin prokuror Mueller-in ittihamı göstərir ki, indi vəziyyət dəyişəcək. Prokuror Kremllə birbaşa bağlı olan təşkilatlara qarşı rəsmi ittiham irəli sürüb.
Lakin burada iki yeni problem ortaya çıxıb.
Birincisi budur ki, Demokratik Partiyanın serverlərinə hücumla Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzi və ya "troll fabriki" arasında əlaqə müəyyən edilməyib. İttihamnamədə Putinə birbaşa bağlı olan biznesmen Yevgeni Priqojinin adı olsa da, hələlik 2016-cı ilin seçkisinə müdaxilə barədə şəksiz sübut əldə olunmayıb.
İkinci problem isə bundan ibarətdir ki, amerikalılar informasiyanın silah olduğunu qəbul ediblər. Bu isə həm Putinin ürəyincədir, həm də o deməkdir ki, artıq bütün dünya Kremlin dilində danışır (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...