Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və İtaliya arasında bir sıra sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən nazirlər əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Nazir Angeliono Alfano Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb və ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.
Nazir Elmar Məmmədyarov İtaliyanın ölkəmizin Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olduğunu və Azərbaycanın bu ölkə ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər ölkələr arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin vacibliyini vurğulayıblar. İtaliyalı nazir ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində sözügedən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, fevralın 15-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekunları yüksək qiymətləndirilib.
Elmar Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
2018-ci ildə ATƏT-ə sədrliyin İtaliyaya keçdiyini vurğulayan nazir Elmar Məmmədyarov ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll olunmasının daxil edilməsini yüksək qiymətləndirib. Danışıqlar prosesinin gedişi barədə məlumat verən Elmar Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT sənədlərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.
Görüşdə, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
pia.az
Digər xəbərlər
loading...