Tanınmış şair Yafəs Türksəslə müsahibəni təqdim edirik
– Yafəs bəy, çox gözəl şeirləriniz var. Amma 64 yaşınız olmasına baxmayaraq, ortalıqda hələ də özünü təsdiq etməmiş bir şair kimi gəzib-dolaşırsınız. Bunun səbəbi barədə əslində, sizdən çox soruşmuşam, amma mənə elə gəlir ki, doğru-dürüst cavab ala bilməmişəm.
– Yox, o fikirdə deyiləm ki, mən şair kimi hələ də özümü təsdiq eləməmişəm. Məni istedadlı bir adam kimi tənqidçilər də, şairlər, yazıçılar da, cəmiyyətin elitası da qəbul eləyir, çoxsaylı oxucularım da. Ədəbiyyat üzrə nə qədər professor var, hamısı məni qəbul eləyir, tanıyır. Sadəcə, müxalif ruhlu olmuşam, durub mənə vəzifə verməyəcəkdilər ki...
– Deməli, özünüzdə heç bir problem görmürsünüz?
– Mən şeirimi yazmışam, imzamı təsdiq eləmişəm, artıq pensiyaya da çıxmışam, nə problemim olasıdır? Nazir olası deyildim ki... Ədəbiyyatdan nə lazımdırsa, götürmüşəm. Sadəcə, mənim adım pis çıxıb. Kitablarımı əl yayımı ilə satmışam. İdarə müdirlərinə hədiyyə eləmişəm, 5-10 manat cibimə pul qoyublar. Kitabımı mağazalara verməmişəm, kitabxanalara qoymamışam. Ümumiyyətlə, ədəbiyyatın boğazından çox sallaşmaq istəməmişəm. Adi oxucular üçün Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən güclü şairdir, amma mən hazırlıqlı oxucuların şairiyəm. Mənim 10-15 şeirim var ki, bu üç şairin şeirlərinin hamısından güclüdür və bunu da əsl oxucular bilir.
– Niyə özünüzü Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşənlə müqayisə edirsiniz ki?
– Ona görə ki, cəmiyyət heç vaxt əsl həqiqəti bilməyib. Camaata sırınan şairlərin əksəriyyətinin ortada 4-5 şeiri yoxdur. Məsələn, Musa Yaqubun “Əlini əlimə öyrətmə, gülüm” şeirindən başqa bütün yaradıcılığı orta, bir çox məqamlarda ortadan da aşağı səviyyəli şeirlərdir. Cəmiyyət isə onu şişirdib başımıza çıxardıb. Çoxları elə bilir ki, şair ancaq Musa Yaqubdur, Yafəsin şeirə dəxli yoxdur. Nəriman Həsənzadənin “Bir vaxt ipək saçlarını oxşayan mən olmamışam” şeirindən başqa, məni silkələyən bir şeirini görməmişəm. Yəni əsl həqiqət başqadır, xalqa sırınmaq bir başqadır.
Nə yaxşı heç olmasa, sənin kimi üst zövqə malik oxucular bilir ki, Yafəsin 5-10 dənə yaxşı şeiri var. Sən özün də bir dəfə yazmışdın ki, Yafəs mənim üçün beş maraqlı şairdən biridir. Amma orta statistik oxucu üçün Qabil, Əliağa Kürçaylı daha yaxşıdır. Ümumiyyətlə, Azərbaycan xalqı zövq baxımından orta statistik insanlardan ibarətdir, onlar isə nə ədəbiyyatı düzgün qavrayır, nə siyasəti, nə mədəniyyəti, nə də iqtisadiyyatı... Bu cür insanlar nə bilir Vaqif Mustafazadə kimdir? Onlar üçün hamının tanıdığı bir-iki bəstəkar var, elə bilirlər bəstəkar ancaq onlardır.
Məsələn, Salam Sarvanın üzünə demişəm ki, sən mənim şairim deyilsən. Düzdür, maraqlı ola bilərsən, oxuna bilərsən. Amma sənin şeirlərin krossvorddur, nə həyat var, nə həyəcan var, nə sevgi var, nə hərəkət var. Başdan ayağa söz oyunudur.
Sənin ad gününə gül dərmək üçün,
Sinəmə çəkdiyin dağa çıxıram.
Salamın misralarıdır. Burda nə var? Şeirdir bu? Krossvorddur. Dərd burasındadır ki, bizim Azərbaycan insanı obyektiv deyil, bəziləri bilərəkdən, qəsdən, bəziləri isə bilməyərəkdən səhv informasiya yayırlar, səhv fikir formalaşdırırlar. AYO məktəbi keçmiş Şərif Ağayar və yaxud, Şəhriyar del Gerani, Ayxan Ayvaz, elə sənin özün də Salamı o qədər göylərə qaldırırsınız ki, camaat da elə bilir, o, doğrudan da böyük şairdir. Və sizin bu cür təqdimatınız qabağında Salam haqqında əsl həqiqəti nə qədər desən də, yenə də aciz görünürsən.
– Nə demək istəyirsiniz, Salam istedadsızdır?
– Şübhəsiz ki, istedadlı adamdır, amma təqdim olunduğu kimi deyil. Yaxud, Rüstəm Behrudinin uzağı 5-6 maraqlı şeiri var, amma böyük şair kimi təqdim olunur. Ramiz Rövşən də təqdim olunduğu kimi deyil.
– Siz təqdim olunduğunuz kimisiniz?
– Mənim hardasa 30 şeirim var ki, orda yeni ideya, yeni təfəkkür var. Bu yeni təfəkkürü nə Ramiz Rövşəndə görürəm, nə Vaqif Bayatlıda, nə Musa Yaqubda, nə də o birisində. Buna baxmayaraq, mən həmişə olduğumdan aşağı səviyyədə təqdim olunmuşam.
– Yenə söhbətimizin əvvəlinə qayıdaq. Bəs nə üçün siz olduğunuzdan aşağı səviyyədə təqdim olunursunuz? Bəlkə şəxsiyyət kimi probleminiz var.
– Əslində, doğrudur, özümdə də problem var. Başqaları orda-burda elədiklərini demir, amma mən demişəm. Məsələn, kitab verib, hansısa bir şirkət rəhbərindən pul almışam. Bunu hamı eləyir. Amma heç kim demir. Mən isə deyirəm. Hansı idarə müdirinin yanına getmişəmsə, deyiblər ki, Arif Quliyev indicə çıxdı, filan şair indicə çıxdı və s. Görürsən, hamı gizlədir, bircə məndən başqa. Bu da mənim reytinqimi aşağı salıb. Bəzən yaxşı geyinməmişəm, bəzən özümü çox sadə aparmışam, bəzən kiminsə təhqirinə cavab verməmişəm, hətta təhqir eləyəndən güclü də olsam.
Bizim evdə iki dənə qara kəmər karateçi var. Nəslimizdə 7-8 idman ustası var, bacım oğlu, qardaşım oğlu və s. Özüm də Azərbaycanda istənilən şairi fiziki cəhətdən diz çökdürərəm. İstənilən şairi bircə yumruğa yerə sərərəm. Lazım olsa, adam da göndərib döydürərəm, gözünü də qorxudaram, hər şey eləyərəm. Amma eləməmişəm.
Bu yaxınlarda Əlisəmid Kürlə zarafatlaşdım. Dedim ki, Ramiz Rövşəni tənqid eləmişəm, ona görə də mənə salam verməyə qorxursan. Natəvan klubunda Əlisəmidə salam verdim, qorxa-qorxa aldı. Səhəri gün Nəşriyyatın birinci mərtəbəsində oturmuşduq, Vəli Xramçaylı, Ağacəhər Həsənli, Xanəmir də orda idi. Oqtay Rza bizə qonaqlıq verirdi. Əlisəmid onların yanında məni təhqir elədi, dedi, dur bu stoldan... Əlisəmid bunu ona görə eləyirdi ki, söhbət Ramiz Rövşənə çatsın. Mən ona baş qoşmadım. Fikirləşdim ki, dalaşaram, Oqtay müəllim xəstə adamdır, birdən ürəyi gedər. Özü də yazıq Oqtay Rza qonaqlıq verir, biz də burda bir-birimizə stəkan, qaşıq vuracağıq? Ona görə də dinmədim. Amma çölə çıxanda Əlisəmidin yaxasından tutdum, dedim ki, səni məhv eləyərəm. Gəlib səni evinin içində döyərəm, döydürərəm, sadəcə, Oqtay Rzaya görə sənə dinmədim.
– Maraqlıdır, məclis söhbətini burada danışmağınızda məqsəd nədir? Bəlkə adamlar bu xasiyyətinizə görə sizə hörmət eləmir?
– Mən özümü həmişə sakit və üzüyola aparmışam deyə Əlisəmid kimi adamlar mənə hörmət eləmirlər. Eləmirlər, cəhənnəmə eləsinlər. Başqalarının da yanında məni gözdən salırlar. Yenə deyirəm, çox səmimi olmuşam, kasıb olmuşam, vəzifəm də olmayıb. Azərbaycan insanının xasiyyətini bilirsiniz, bu şeylərdən məhrumsansa, vəssalam, sənə hörmət etməyəcəklər.
Feysbukda bir aptek firmasının müdiri var, guya şairdir. Mənasız bir şeir paylaşır, 700 layk gəlir. Mən səviyyəli bir şeir paylaşıram, 20-dən artıq layk eləyən yoxdur. Axırda layk eləməyənləri dostluğumdan çıxarıram. Yaxud, biri mənasız bir şey yazır, 200-300 adam bəyənir. Girib rəy yazıram, deyirəm ki, şair ki, insanları intihara çağırır, bəs onda oxucu neyləsin? Bu nədi yazmısan? Mən onların şeirinə münasibət bildirirəm, onlar mənə əhəmiyyət vermirlər. Mən hər şeyi açıq deyirəm, açıq yazıram, səmimiyəm, ona görə də heç kim məni sevmir. Niyə belədir, bilmirəm. Bəlkə mənim bilmədiyim səbəblər də var.
– Bildiyimizə görə Əli Kərimin ailəsi tərəfindən başa düşülməməsi onu çox incidirmiş. Sizdə də belə problemlər olub. Xanımınız yenə də sizi anlamır, dərk eləmir?
– Mən hələ gənclik illərimdən şeirlər yazırdım, sonra qaçqınçılıq həyatı başladı, uşaqları saxlamaq üçün bir müddət ticarətlə məşğul oldum. Yaradıcılıq isə içimdə qaynayırdı, 1998-ci ildən sonra özümü saxlaya bilmədim, Vahid Poeziya Evində şairlərin məclisinə gəldim, sonra “Pərvanə” ədəbi məclisinə getdim. Ədəbiyyata qayıtdığımı görüb evdə məni çox incitdilər. Arvadım, qardaşım deyirdi ki, sən bu bazarı, ticarəti buraxıb hara gedirsən? Sonra kitabım çıxdı. Jurnalistika sahəsinə üz tutdum, 5-3 manat pul qazandım. Arvadım gördü ki, burdan da pul qazanıram, bundan sonra məndən əl çəkdi.
Təxminən, 6-7 il məni evdə doğrudan da çox incitdilər. Qardaşım, bacım, arvadım... Hətta iş o yerə çatmışdı ki, arvadım evdə qabağıma çay-çörək qoymurdu. Deyirdi, iş-gücü, alveri buraxıb hər gün hara gedirsən? Mən isə bayaq dediyim kimi ədəbi məclislərdən başqa hara gedəcəm ki? Həm də arvadım mənə paxıllıq edirdi, fikirləşirdi ki, gedib böyüyərəm, inkişaf eləyərəm, sonra onu bəyənmərəm. İndinin özündə də belədir. Hər dəfə mən televizora çıxanda evimizdə dava düşür. Arvadm paxıllıq eləyir, qısqanır, deyir, ora niyə çıxırsan? Fikirləşirəm ki, arvadımdı, özü vəfası, ailəcanlılığı ilə klassik Azərbaycan xanımıdır. Dözməkdən başqa çarə yoxdur.
– Feysbukda profil şəklinizi tez-tez dəyişir, hər dəfə bir gənc xanımla şəklinizi yayımlayırsınız. 64 yaşınız var. Bəzən bu hərəkəti yaşınıza yaraşdırmırlar.
– Hə, düzdür, bir az yüngüllük çıxır. Amma neyləyim, layk yığa bilmirəm. Ağıllı, fəlsəfi, mütəfəkkir səviyyəsində fikirlər, kukla kimi şeir yazıram, 30-dan artıq layk gəlmir, amma xanımlarla şəklimi qoyuram, bir də görürəm ki, 100-150 adam bəyəndi.
– Yafəs bəy, nə qədər yaşamaq istəyirsiniz?
– Bir dəfə özümə baxdırdım, baxıcı dedi ki, 86 il yaşayacaqsan. Amma fikirləşirəm ki, "zapçastlarımı" dəyişə-dəyişə 150 il yaşayacam. Çünki tibb elmi get-gedə inkişaf eləyir, qiymətlər də ucuzlaşır.
– Bildiyimizə görə, yeni jurnal çıxardırsınız...
– Bəli, “Yazar” jurnalım yaxınlarda çap olunacaq. Bilirsən ki, “Yazar” əvvəl qəzet kimi çıxırdı, sonra saytlar meydana gəldi, fikirləşdim ki, daha qəzetin yeri yoxdur. Sonra fikrimi dəyişdim, jurnal çıxarmaq qərarına gəldim. Sayta yazı qoyursan, sabah da silinib gedir. Amma ədəbiyyat səlnamələşməlidir. Yazıda, kitabda, jurnalda qalmalıdır, təkcə saytla iş olmur.
– Bəs jurnalınız necə maliyyələşir?
– Düzü, sponsorluğu konkret öz üzərinə götürən yoxdur. Amma hər nömrəsinə 50 manat, 100 manat söz verənlər var. Əvvəl iki aydan bir çıxarmaq fikrindəyəm. Sonra aylığa keçəcəm. Bundan da əlavə, o jurnalı o qədər maraqlı buraxacam ki, diqqət çəkməməsi mümkün olmayacaq. Orda bir dənə də qeyri-ciddi imza ola bilməz, bir dənə müəllifdən pul, qonaqlıq istəməyəcəm. “Yazar” Azərbaycanda yeganə jurnal olacaq ki, müəllifdən heç bir təmənna güdməyəcək. Hesab edirəm ki, xeyli də satılacaq.
– Bunu da əl-əl satacaqsınız?
– Yox, satışa qoyacam.
– Bayaq deyirsiniz ki, kitablarımı idarə müdirlərinə əl-əl satıram, 5-10 manat pul verirlər. Məhəmməd Hadi də kitablarını əlində satırdı. Hadinin faciəsi, Yafəsin faicəsi... Görəsən, zaman sizi də Hadi kimi xatırladacaqmı?
– Şairlərin mağazaya kitab qoyub satdırması 5-6 ildir çıxıb. Ondan qabaq hamı kitabını çıxardırdı, bir-birinə hədiyyə eləyirdi. İdarə müdirlərinə kitab satmaq məsələsinə gəlincə isə bunu təkcə mən eləmirəm, 90 faiz şair və yazıçılarımız eləyir. Sadəcə, yenə deyirəm, mən səmimiyəm, etiraf eləyirəm, onlar eləmir. Lazımdırsa, idarə müdirlərinə kitab satıb 5-10 manat alan şairlərin bir-bir adlarını çəkim...
– Məsələn...
– Hamısı...
– Məsələn, birini deyin...
– Deyirəm ki, hamısı...
– Birinin adını çəkin...
– Elxan Zal, Kənan Hacı, Əlisəmid Kür, Murad Köhnəqala, Mübariz Məsimoğlu, Kəramət Şükürlü, Şaiq Vəli... Bilirəm ki, Şərif Ağayar da 5-10 adama kitab verib, şirinliyini alıb. Burda pis bir şey yoxdur. Onlar sadəcə, bunu dilə gətirmirlər.
– Qəşəm Nəcəfzadə necə?
– Qəşəm əl-əl kitab satmasa da, yəqin, olub ki, o da 5-10 dostuna kitab hədiyyə verib, şirinlik alıb.
– Ramiz Rövşən...
– Özün bilirsən ki, Ramiz mənim kimi 100 adama kitab vermir. Beş adama verir, onlar da güclü kömək eləyir. Bunu deyirəm, xahiş edirəm, olduğu kimi də yazasan. Azərbaycanda bütün şairlər idarə müdirlərinə kitab paylayıb, pul alıblar. Xüsusən də muxbir kimi fəaliyyət göstərənlər. Bu saat Azərbaycanda kitabını əl-əl satan 500 nəfər Məhəmməd Hadi var. Bütün idarə müdirlərinin otağı bizim şair və yazıçıların kitabları ilə doludur. Hərəsi aparıb verir, 5-10 manat pul alır. Buna isə "kulturnu" rüşvət deyirlər.
– Son sualımı da verim, söhbətimizi yekunlaşdıraq. Siz Elçin Əlibəylinin verilişlərinə tez-tez çıxırsınız. Yəqin xəbəriniz var ki, bu yaxınlarda verilişlərin birində qalmaqal da baş verdi. Şərif Ağayar da yazdı ki, özünə hörmət eləyən yazıçı Elçinin verilişinə getməz...
– Mənim söz deməyə, danışmağa, tribunaya ehtiyacım var. Çünki mən Azərbaycanda yeni fikirli adamlardan biriyəm. Elçin Əlibəylinin verilişlərində isə mən qonaq kimi də, tamaşaçı kimi də prosesə müdaxilə eləyirəm, fikir bildirirəm.
Şərif Ağayarın Elçinin verilişinə qadağa qoymağına gəlincə isə bunu nə üçün elədi, deyim. Çünki Şərifin özünü "Speys"ə buraxmırlar. Ümumiyyətlə, Şərif mənim 30 illik dostumdur, amma onun bütün həqiqətləri özündən sonradır. Məsələn, Yazıçılar Birliyinə girəndə ordan çıxanları tənqid eləyirdi. Çıxandan sonra ora girənləri tənqid eləməyə başladı. Bir vaxt biz AYO-çular iqtidarçıları tənqid eləyirdik, o, müdafiə eləyirdi. Çünki “Yeni Azərbaycan” qəzetində işləyirdi. Sonra işdən çıxan kimi özü tənqid eləməyə başladı. İndi balaca bir vəzifəsi var, susub oturub. Sabah işdən çıxarsınlar, yenə danışmağa başlayacaq. Ona görə deyirəm ki, Şərifin bütün həqiqətləri özündən sonradır.
Yenə deyirəm, Elçin Əlibəyliyə qarşı belə çağırış etməyinin səbəbi də odur ki, Şərifi "Speys"ə buraxmırlar. Bu da onun şəxsi ambisiyalarından irəli gəlir. Vaxtilə də deyirdi ki, özünə hörmət eləyən yazıçı Yazıçılar Birliyindən təqaüd almaz, sonra özü gedib ordan təqaüd aldı. Xahiş eləyirəm, bu fikirləri olduğu kimi yazarsan. Şərif dostundur deyə, fikirlərimi təhrif eləmə.(Publika.az)
Digər xəbərlər
loading...