Yeddi il əvvəl 77 nəfərin ölümü və 150-yə yaxın insanın yaralanması ilə nəticələnən iki terror aktı üzrə mühakimə olunan Anders Breyvik ilk dəfə əməlindən peşman olduğunu bildirib
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Breyvik həbsxana rəhbərliyinə yazdığı məktubda şovinist ideologiyasından uzaqlaşdığını və yeddi il öncəki hadisənin baş verməməsi üçün hər şeyi etməyə hazır olduğunu qeyd edib.
“Verdens Gang” qəzeti xatırladır ki, təxminən bir il əvvəl o, həbsxanada “insanlığa zidd şərait” səbəbindən Norveç hökumətini məhkəməyə vermişdi (Breyvik xüsusən təkadamlıq kamerada saxlanıldığından və soyuq qəhvədən şikayətlənirdi).
Lakin məhkəmə psixiatrları Breyvikin peşmançılığına inanmamağı tövsiyə edib və bildiriblər ki, qatil bu yolla cəza müddətini azaltmağa çalışır. Halbuki məhkəmə zamanı daha çox insanı öldürmək istədiyini, ötən ilin yanvarında isə həbsxananın onun baxışlarını daha da radikallaşdırdığını deyib.
Xatırladaq ki, 2011-ci ilin iyul ayında Anders Breyvik Oslonun hökumət məhəlləsində partlayış, Utoyya adasında isə kütləvi qətl törədib. O, əməlini terror aktı saymadığını və bunu Norveç xalqı naminə etdiyini bildirib. Breyvik 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib. Onun cəmiyyət üçün əvvəlki kimi təhlükəli olduğu hesab edilsə, cəza müddəti artırıla bilər.
Digər xəbərlər
loading...