Fevralın 18-i tanınmış şair-yazıçı, “Alatoran” dərgisinin baş redaktoru Rasim Qaracanın doğum günüdür
Rasim bəy öz doğum günündə kitabevim.az-da yeni çap olunmuş romanı “Zülmətdə bir alatoran”ı oxuculara təqdim edəcək. Ad günü və kitab təqdimatı ərəfəsində onunla görüşüb söhbət etdik. Həmin söhbəti təqdim edirik.
- Rasim bəy, Sizi həm ad günü, həm yeni kitab münasibəti ilə təbrik edirik. Keçən il də doğum gününüz ərəfəsində yeni kitabınız çıxmışdı...
- Hə. Çox sağ olun. Təzə adətimdir, hər ad günümdə özümə bir kitab hədiyyə edirəm. Ad günüm guya çox önəmlidir anlamında başa düşməyin bunu, sadəcə olaraq belə olanda işlərimdə bir disiplin yaranır, yazıçıya tələb-təklif olmayan ölkədə bunu yeganə çıxış yolu sayıram... “Zülmətdə bir Alatoran” avtobioqrafik romandır. Sevgi romanı da deyə bilərik. Onunla necə tanış oldum, necə aşiq oldum, bir müddət ayrı qaldım və yolunda hansı çətinliklərə qatlaşdım, uğrunda necə çarpışdım - bunları təsvir etmişəm. Sevgilimin adı Poeziyadır.
- Siz nəsil olaraq 80-ci illər nəsli hesab olunursunuz?
- Sözün düzü, bunun cavabını özüm də bilmirəm. Faktiki olaraq mən 90-cı illərin əvvəllərində çap olunmağa başlamışam. İlk dəfə 3 şeirim 89-cu ildə çap olunub, buna görə 80-cilərə aid oluramsa, o zaman elədir.
- 80-cilərin son beşiyisiniz onda...
- Əgər nəsil olaraq ədəbiyyata gəlməyi soruşursunuzsa, mən 80-ci illər nəsli ilə bir yerdə gəlməmişəm. Az-çox imzamın təsdiq olduğu illər 2000-nin əvvəllərinə təsadüf edir. Ümumən nəsil söhbəti çox şərtidir.
- Rasim bəy, Azad Yazarlar Ocağını yaratdınız, “Alatoran” jurnalı çap elədiniz. Bu təşkilati işlər sizi şair kimi kölgədə qoymadı ki?
- Təşkilati işlər bəzən zərurətdən yaranır. Təkcə əsər yazmaq yetərli olmaya bilər, biz o insanlarıq ki, özümüzü çap etməkdən ötrü jurnal yaratdıq, naşirlik etdik. Fərz et, yaxşı səsin var, amma konsert salonunu da özün tikməlisən. Bax biz də bunu etdik. Təşkilati işlərin yaradıcılığıma mane olduğunu sanmıram. Sadəcə olaraq, belə alındı. Bütün hallarda hobbim olan işdən çox da uzaqlaşmadım, məncə, önəmli olan budur. O ki qaldı şair kimi kölgədə olmağa, bəlkə də belə yaxşıdır. Çox parıldamamaq, günəş şüalarını birbaşa deyil, ikinci, üçüncü sınmada yaxalayıb əks elətdirmək yaxşıdır.
- Razısınız ki, şair kimi çox görünmədiniz? Yəni sədr kimi yox, yalnız şair kimi...
- Kənardan necə göründüyümü bilmirəm, ümumən ictimai rəydən asılı olmamağa çalışıram. Yüzlərlə insan şeir yazır, bəlkə minlərlə, bu bir özünüifadə vasitəsidir, burda yanaşmalar sonsuz sayda ola bilər. Mən gələcəyə və ya əbədiyyətə iddialı olmamağa çalışıram. Bütün səslərin kainatda itəcəyinin fərqindəyəm, bir toz zərrəsinin iddiaları mənə gerçəkdən gülməli görünür. Sədr məsələsi də mənə yaddır, cəmi bir dəfə təşkilatın rəhbəri kimi ünvanıma tənqid səslənib və yubanmadan istefa verərək bu adı üzərimdən atmışam.
- Uzun illər AYB ilə mübarizə apardınız. Amma qəribədir, gənclər yenə də AYB-ni seçir. Sizcə, niyə belədir? Mübarizə fayda vermədi?
- Bir dəfə yazmışdım, “bütün milçəklər AYB-ni seçir”. Hə, gənclər Yazıçılar Birliyini dəstəkləyir. Bu təşkilatın verdiyi 200 manat təqaüdə onların ehtiyacı var. Nə üçün belədir? – söyləmək çətindir. Görünür səbəblər daha dərindədir, biz tənqid etdiyimiz məsələlərin çox kənarındadır. 200 il, 500 il, bəlkə 1000 il daha qədimlərə gedib köləliyin qaynaqlarını axtarmaq lazımdır... Amma mübarizənin bütün hallarda faydası var. Yeni ideyaların toxumunu əkirsən, bir də baxırsan ki 70 il sonra bar verdi.
- Yəni AYO məğlub olmadı ki? İndi artıq bu təşkilata gələn yoxdu...
- Heç nə yox olmur. Enerjinin itməməsi qanunu var. Bir dəfə yüksələn bayraq, bir daha enməz. O ideya, o səs əlbəttə ki, yaşayır. Münbit şərait yarandığı an o düşüncə təzədən ortaya çıxacaq. İndi isə yalançı ədəbiyyat dəbdədir. Göstərməlik ədəbiyyat. Ədəbiyyat idarəçiliyi vaxtında dəyişməli, Sovet modelindən imtina edilməliydi. Ancaq müstəqillik qazanandan sonra, Elçibəy hakimiyyəti illərində belə, baxmayaraq ki, məsələn, təhsil sahəsində radikal islahatlar aparılmışdı, amma ədəbiyyat idarəçiliyi olduğu kimi qaldı.
- Son vaxtlar AYO-nun ətrafında qalmaqallar oldu. AYO-nun qızğın tərəfdarlarındakı yumşalma ola bilərmi, gəncləri sizin təşkilatdan uzaq saldı?
- AYO-dan ayrılmalar təbiidir. Bir yaradıcı təşkilatdan çıxıb başqa “yaradıcı” təşkilata keçmək istəyən insanın qarşısını zorla kəsə bilməzsən. Gənclərin qarşısında da seçim azadlığı var, Azad Yazarlar Ocağını seçənlər də var.
- Mübarizəni yarıda qoyub getməyi xəyanət hesab etmirsiniz ki?
- Xəyanət ağır kəlmədir, bu sözü yaradıcı insanlara qarşı işlətmək istəməzdim.
- AYO yoxdur daha?
- Sevməyənlər üçün AYO əvvəldən də olmayıb. Amma kimlər üçünsə o hər zaman var.
- AYO ətrafı qalmaqalda ən çox təşkilatın kim tərəfindən yaradılması müzakirə mövzusu oldu. Bir neçə tanınmış sima dedi ki, o təşkilatı mən yaratmışam.
- Bunlar mənasız söhbətlərdi. Ocağı söndürüb külüylə oynamaqdır.
- Bu yaxında Yalçın İslamzadə AYO-nun yeni sədri seçilib. Biz Yalçın bəyi həmişə ədəbiyyatın populyarlaşmasının əleyhinə görmüşük. Yazılarında ədəbiyyat haqqında əks fikirlər səsləndirir.
- Yalçın bəy bizim ənənəvi ədəbiyyata qarşıdır və millətin kütləvi şəkildə folklor yaradıcılığıyla məşğul olmasını hər zaman tənqid edir. Yalçının baxışı modern baxışdır və ədəbiyyat maarifçiliyi sahəsində də ciddi məqalələri var. Məsələn, “Gülün adı” haqqında yazmış olduğu məqalə çox ciddi rezonans doğurmuşdu. Habelə Ramiz Rövşən yaradıcılığı haqqında qeydləri yeni ədəbiyyatın manifesti sayıla bilər. Bizdə formalaşmış olan standart yazıçı təfəkkürünə qarşıdır bu dostumuz. Onu ciddi maarifçi hesab edirəm və düşüncəmə görə AYO sağlam əllərdədir.
- Rasim bəy, sizin şeirləriniz modern üslubdadır, bildiyimiz qəlibləşmiş şeirlər tərzində deyil, pozitivdir və insanı yaşamağa səsləyir. Ancaq nədənsə biz oxucuların daha çox kədər, ümidsizlik motivli şeirləri sevdiyini görürük.
- Kədər motivli şeirlərin xalqın düşüncəsində, ruhunda yeri olub və olacaq da. Bizim xalqın bu cür şeirləri sevməyinin tarixi-psixoloji səbəbləri var. Yüz illər boyunca əsarətdə yaşayıb, istismar edilib, əzilib, şiəçilik, yas təfəkkürü mənzərəni bir az da tündləşdirib. Zamanla gülən deyil, ağlayan bir millət olmuşuq. Təsəvvür edin, bizdə “qara bayram” anlayışı var. Dolayısıyla, ağlaşmadan zövq alan millətik. Bu psixologiyanın da öz şairləri var, xalqın damarına uyğun sızıltılı şeirlər yazıb şöhrət qazana bilirlər. Baxırsan içərilərində usta şairlər də var, lakin dünyada qəbul olunan literatur anlayışından uzaqdırlar, folklor səviyyəsini aşmayıblar. Buna görə də Azərbaycan ədəbiyyatı avropalıların gözündə folklorik ədəbiyyat hesab olunur, onların nəzərində biz hələ feodalizmdə yaşayırıq, bunu düşünməkdə haqlıdırlar, məncə.
Müasir üslubda, müasir təfəkkürdə yazılmış şeirlərin qəbul olunması uzun vaxt çəkəcək. Bu təfəkkürə yiyələnən bir-iki adam var. Bir-ikisi də çatmaq üzrədir o təfəkkürə.
- Sizin şeirləriniz çox tənqid olunub. Hissiz şeir deyən olmuşdu. Ramiz Rövşən sizin şeirləri “amöb” şeirlər adlandırmışdı...
- Fikir deməkdə hər kəs sərbəstdir. Mən öz şeirlərimin qiymətini yaxşı bilirəm. Onların Azərbaycan poeziyasında və dünya poeziyasındakı koordinatlarının fərqindəyəm. O şeirlərə qiymət biçmək üçün Ramiz Rövşən çox köhnədir sanıram.
- Rasim bəy, sizin “Arqo deyimlər” adlı kitabınız da çıxmışdı. O vaxt anam o kitabı yandırmışdı, doğru-dürüst oxuya da bilməmişdim.
- (Gülür). O kitabı mən özümün şah əsərim sayıram. Burada 4 dəfə artırılaraq nəşr edilib, bu yaxınlarda Təbrizdə də basılıb. “Arqo deyimlər”in gələcəyindən çox arxayınam. Ümumən bu kitab mədəniyyət hadisəsi sayılmalıdır mənə görə, amma təəssüf ki qiymətini almayıb hələ və dükanlar da satışa qəbul etmək istəmir kitabı. “Arqo deyimlər”lə ədəbiyyatımızda açıq-saçıq ifadələrin yolu açıldı. Ki mən bunu lazımlı hesab edirəm, bədii mətnin koloriti üçün bu lazımdır, əks halda ütülənmiş mətnləri oxumaq o qədər də zövqlü deyil. Əlbəttə, bu kəlmələr ustalıqla işlənərsə bu belədir. Dünya ədəbiyyatında açıq ifadələrin, söyüşlərin mətndə işlənməsi ənənəsi var, bizdə isə bu dünənə qədər yox idi. Bir adam çıxıb arqo deyimləri toplamalıydı. Bax həmin adam da mən oldum. O kəlmələr bizim kəlmələrimizdi. Arqoleksikanın də yaşamaq hüququ var. Biz o sözləri işlətməsək bir sonrakı nəsil unudacaq o sözləri. Atalar sözləri necə dəyərlidirsə, bu sözlər də o cür dəyərlidir. O vaxtı bu kitaba birtəhər baxırdılar, başa düşmürdülər ki, nəyə lazımdı. Əslində bunu Akademiya, folklor institutu buraxmalıydı.
Digər xəbərlər
loading...