Hüquqları dövlət qurumları tərəfindən pozulan vətəndaşlarla bağlı məhkəmə çəkişmələri davam edir. Haqqı tapdalanan vətəndaş mübarizəsini davam etdirsə də, ədalətin bərpa olunmasına nail ola bilmir. Çünki buna əngəllər yaradılır və vətəndaş haqlı olduğu halda haqsız duruma düşür
İmişli rayon sakini, 79 yaşlı Mahmud Qasımov da məhz bu iddia ilə “Cümhuriyət” qəzetinin redaksiyasına müraciət edib.
Məhkəmələrdə süründürülən 79 yaşlı vətəndaş 19 ildir ki, şikayətinin təmin olunmasına çalışan Mahmud Qasımov Kənd Təsərrüfatı Nazirliyi tərəfindən halal əməkhaqqını ala bilmədiyini deyir. Sözlərinə görə, illərdir nə şikayətinə obyektiv baxılır, nə də məhkəmə süründürməçiliyindən qurtulur. Yaşlı kişi artıq kimə və hara üz tutacağını bilmir. Problem həll olunmamış qalır, çıxarılan qərarlar isə icra edilmir.
“Cümhuriyət” qəzetinə bununla bağlı təkrar müraciət edən Mahmud Qasımov problem həll olunmayana qədər şikayətindən əl çəkməyəcəyini deyib. Onun sözlərinə görə, bu günədək 24 dəfə məhkəmə prosesi keçirilib, amma hüququnu bərpa edəcək addımlar atılmır.
Qeyd: Mahmud Qasımov 1978-ci ildən 1999-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İdarəsində sonra isə Aqrar Sənayə Kombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində fasiləsiz olaraq çalışıb. Ona bəlli olmayan səbəblərdən işlədiyi iki il müddətində, yəni 1997-1999-cu illərdə aylıq əmək haqqını ala bilməyib. Baxmayaraq ki, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hamısına aylıq əməkhaqqı verilib. Həmin illərdə rayonda mövcud olan traktor və kənd təsərrüfatı maşınlarına texniki baxış aparılıb. Mahmud Qasımov 1997 və 1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinə illik hesabat təqdim etsə də bunların heç biri nəzərə alınmayıb və iki illik maaşı nazirlik tərəfindən mənimsənilib.
Hakim qərar verdi, amma…
Şikayətçi deyir ki, bütün bunlara baxmayaraq nazirliklə 1998-ci ildə müqavilə bağlayıb. Amma 1999-cu ildə idarənin fəaliyyətinə xitam verilib və elə problemlər də bundan sonra başlayıb. İmişli rayon Aqrar Sənayə Kombinatının baş direktorunun verdiyi əmrdən əlavə nazirliklə bağladığı müqaviləyə baxmayaraq aralarında heç bir mübahisə, münaqişə yaranmayıb. İdarə ləğv olunan günədək gündəlik tabelə imza atıb. Məhz əməkhaqqı ala bilməməyinin baiskarı Kənd Təsərrüfatı Nazirliyi olduğuna görə İmişli sakini Səbail rayon məhkəməsinə müraciət edib:
“Səbail Rayon Məhkəməsinin hakimi Ziya Əliyev 2000-ci ildə qərar qəbul etdi ki, əməkhaqqım 07.01.97-ci ildən 04. 08.98-ci ilə kimi Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Hakimin ədaləti olsaydı, məsələyə birtərəfli baxmazdı. Nə üçün məhz ayın 14-nə qədər? Çünki həmin vaxt nazirliklə müqavilə bağlamışdım. Nazirlik, İmişli rayon İcra hakimiyyətinin başçısı və hakim öz aralarında elə bir vəziyyət yaratdılar ki, indiyədək süründürməçiliyə məruz qalmışam. Qanuni qüvvəyə minmiş 2000-ci il tarixli qərar hələ də icra edilmir. 2006-cı ildə mənə 1 illik əməkhaqqı ödənildi. Bundan narazı qalıb Bakı Şəhər Məhkəməsinə müraciət etdim. Azərbaycanlı hakimdən fərqli olaraq Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jedkova 2000-ci ilin 27 yanvarında qətnamə çıxartdı ki, mənim əməkhaqqım 02.01.97-ci ildən 11.01.99-cu ilə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Amma uzun müddət keçməsinə baxmayaraq ayrı-ayrı məmurların məsuliyyətsizliyi ucbatından bu qərar da icrasız qaldı”.
“Mən dövlətə qarşı çevriliş etməmişəm”
Mahmud Qasımovun iddiasına görə, 1997-1998-ci illərdə onun əməkhaqqı 250 min manat olub. Həmin məbləği 2 il 11 günə vuranda 6 milyon 83 min manat edir. Onu da indeksasiya edəndə 1217 manat məvacib edir:
“Bunlar mənə yalnız 562 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov mənə və hakimlərə rəsmi məktub göndərdi ki, nazirliyin vətəndaşa borcu yoxdur. Bunlar öz aləmlərində siyasət işlədiblər. Dəfələrlə 562 manatın hansı ilə aid olduğu ilə maraqlansam da buna cavab verilməyib. Vəzifədə oturublar, amma hesablamanı düzgün apara bilmirlər. Nazirliyin mənə 655 manat borcu qaldığı halda bildirir ki, vətəndaşa borcları yoxdur. Hakim, icra məmuru, icra başçısı və nazirlik mütəmadi olaraq hüququmu kobud şəkildə pozmaqla məşğuldur. Dünyanın heç bir yerində icra məmuru özbaşına işə xitam verə bilməz. İcra məmurunun vəzifəsi ancaq məhkəmə qətnaməsini icra etməkdən ibarətdir. Özbaşına o icranı tam yerinə yetirməmiş, o adam icraata xitam verə bilməz.
Söhbət icra məmuru Toğrul Baxşəliyevdən gedir. O, Səbail Rayon Məhkəməsinin hakimindən xahiş edib ki, bu işə xitam verilsin. Hakim də onun xahişini rədd edib və icra haqqında qanuna müvafiq olaraq göstərdi ki, icraata o vaxt xitam verilir ki, məsələ tam həllini tapsın. Lakin bununla barışmayan Toğrul Baxşəliyev özbaşınalıq edərək qanunu kobud şəkildə pozdu və məhkəmə qərarına məhəl qoymayaraq, öz yanından sərbəst qərar çıxarıb işə xitam verilməsini təmin etdi. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov 2016-cı ilin 25 noyabrında işi ləğv etdi. Prezident dəfələrlə vurğulayıb ki, bütün məmurlar xalqın, vətəndaşların xidmətindədir. Dəfələrlə dövlət məmurlarına müraciət etmişəm. Hesab etmişəm ki, hüquq- mühafizə orqanları ümumi nəticəyə gəlib mənim halal əməkhaqqımın ödənilməsinə lazımi köməkliyi göstərəcəklər. Çox təəssüflər olsun ki, onlar yaşlı bir insanı məhkəmələrdə çarəsiz qoyublar”.
Şikayətçinin tələbi birdəfəlik bu məsələnin həllidir: “Anlamıram hüquq-mühafizə orqanlarının, məhkəmələrin, icra məmurlarının işi vətəndaşın hüququnu qorumaq və təmin etmək deyimi? Mən dövlətə qarşı xəyanət etməmişəm, niyə haqqım tapdanır? Əgər günahkaramsa, məhkum olunum, yox, günahkar onlardırsa, cavab versinlər. Mən haqqımı almayınca, əl çəkən deyiləm. Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi olaraq belə məmurlar haqqında ciddi cəza tədbirlərinin görülməsini tələb edirəm”.
P.S. Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Digər xəbərlər
loading...