Əməkdar artist Səbuhi İbayev cəmiyyətə pis nümunə ola biləcək addım atıb. O, hətta bununla fəxr edirmiş kimi həmin anları telefona çəkərək videonu sosial şəbəkələrdə paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, Səbuhi İbayev Ağdam rayonuna gedərkən "Mercedes" markalı avtomobili təxminən 12-13 yaşlarında olan oğluna verərək özü sərnişin qismində olub. Videodan da göründüyü kimi, avtomobili idarə edərkən uşaq sükan arxasında həycanlıdır və hər an özünü itirə bilər. Bu azmış kimi, S.İbayev özü də uşağın diqqətini yayındırır.
Qeyd edək ki, Səbuhi İbayev Azərbaycanın əməkdar artistidir. O, Şuşa Humanitar Kollecində müəllim işləyir. Xanəndə Arif Babayevin tələbəsi olub. Hazırda Akademik Opera və Balet Teatrının solisti olan Səbuhi İbayev dəfələrlə «Leyli və Məcnun» operasında Məcnun obrazını yaradıb. İstedadlı sənətçinin insanlara örnək olmaq əvəzinə bu cür təhlükəli hərəkətə yol verərək bunu başqalarına da fəxrlə nümayiş etdirməsi ictimai qınaq obyektinə çevrilməlidir.
Bu əmələ görə Səbuhi İbayevi cərimə gözləyir. Belə ki, o, İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən 60 manat cərimə oluna bilər.
Maddə 335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-
fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.(avtosfer.az)
MilliYol.Az