"Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə davam edib
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
2010-cu ildə "Bank Standard"da işlədiyini deyən şahid Leyla Abbasova bankda pul köçürmə əməliyyatına nəzarət etdiyini söyləyib.
O deyib ki, Çingiz Cəlilov müştəri kimi banka gəlməsə də, əməliyyatlar aparılıb və onu bir neçə dəfə sədrin otağında görüb.
Vəkil Janna Bağırova şahid Leyla Abbasovadan soruşub ki, Çingiz Cəlilovun adına olan 2,4 milyon manat necə olub, Aftandil adlı sürücünün şəxsin adına köçürülüb və bu əməliyyat üçün Çingiz Cəlilovun razılığı olan sənəd niyə olmayıb?
Şahid Leyla Abbasova deyib ki, qeyd edilən əməliyyat üçün Çingiz Cəlilovun razılığı olub: "Əgər Çingiz Cəlilovun razılığı olmasaydı, pul başqasının adına köçürülə bilməzdi. Bu göstərişi Bankının İdarə Heyətinin sədri olmuş Səlim Kirman vermişdi".
Vəkil bildirib ki, hazırda Çingiz Cəlilov tərəfindən verildiyi deyilən razılıq ərizəsi tapılmır: "2,4 milyon manata görə verilən razılıq ərizəsi niyə yoxdur?".
Leyla Abbasova deyib ki, həmin arayışın ortada olmaması onun üçün də maraqlıdır: "Razılıq ərizəsi haradadır bilmirəm. Çünki burada marağım olmayıb. Bəs, Çingiz Cəlilov niyə 2016-cı ilə qədər banka gedib demirdi ki, mənim 2,4 milyonum hanı?"
Leyla Abbasova hazırda "Pashabank"da filial müdiri işlədiyini əlavə edib.
Daha sonra məhkəmədə sahibkar Elsəvər Ələkbərov ifadə verib. O deyib ki, Nizami rayonunda "Neftçilər" metrostansiyasının çıxışındakı obyekti "Çudo Peçka" şirkətinə icarəyə veriblər.
E.Ələkbərov qeyd edib ki, "Çudo Peçka" MMC həmin obyektdə cəmi 9 ay işləyib.
Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb.
Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kirman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
loading...