“Referendumdan sonra keçirilən bu prezident seçkisi əvvəlkilərdən fərqlidir. Prezidentliyə namizəd üçün yaş senzi yoxdur, prezidentin səlahiyyət müddəti 7 ilə çatır. Prezidentin parlamenti buraxmaq, vitse-prezidentlər təyin etmək səlahiyyəti var”
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində ədliyyə orqanlarının və məhkəmələrin rol və vəzifələri” mövzusunda çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
A. Cəfərov bildirib ki, ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur: “Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirakını təmin etmək üçün seçki komissiyaları ilə sıx əməkdaşlıq həyata keçirilir. Məhkumların və azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüquqları təmin olunur. Almaniya, Macarıstan, Bolqarıstan kimi ölkələrdə bu insanların belə hüquqları yoxdur. Bəzi ölkələrdə isə ağır cinayət törətmiş, müəyyən müddətə azadlıqdan məhrum edilmş şəxslərin belə hüquqları yoxdur”.
Nazir müavini qeyd edib ki, penitensiar müəssisələrdə seçkilər MSK-nın müvafiq təlimatına uyğun keçirilir: “Həbs edilmiş və cəza çəkən şəxslərin seçkilərdə iştirakını təmin etmək, seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün mexanizmlər mövcuddur. Penitensiar müəssisələrdə MSK, DSK-ların iştirakı ilə seçki komissiyası yaradılır, müvafiq maarifləndirmə işləri aparılır. Seçki ilə bağlı televiziyalarda çıxışların cəza çəkən şəxslər tərəfindən izlənilməsinə şərait yaradılır. Elə penitensiar müəssisələr var ki, hətta orada 2 seçki məntəqəsi yaradılır. KİV təmsilçilərinin, beynəlxalq müşahidəçilərin bu məntəqələrdə müşahidəsi üçün müvafiq qaydada şərait yaradılır. Seçki günü seçki komissiyalarının üzvlərinin penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət etməsinə şərait yaradılır. 2013-cü ildə keçirilən prezident seçkilərində penitensiar müəssisələrdə cəza çəkən insanların, məhbusların 99 faizinin iştirakı təmin edilib”.
Digər xəbərlər
loading...