Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib
APA-nın məlumatına görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb:
“Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləməyə dəvət edəcək”.
F. Heydərov prezident seçkilərinin növbədənkənar olması ilə razılaşmadığını bildirib: “Bu il prezident seçkiləri ilidir və prezident seçkiləri də aprelin 11-nə təyin edilib”.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini dəstəkləməlidir: “Məhz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bil ölkədə yaşasın, qan-qadadan uzaq olsun, biz ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik”.
Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.
Digər xəbərlər
loading...