Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib
DİN-dən daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Digər xəbərlər
loading...