Növbədənkənar seçkilərə Moskvadan baxış: “İlham Əliyev xarici planların qarşısını aldı”
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini o qədər də yüksək dəyərləndirmirəm"
Bunu rusiyalı tanınmış politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov AzVision.az-a eksklüziv müsahibəsində deyib. Qarabağ danışıqlarını yaxından izləyən Markov münaqişənin həllinə dair vəziyyəti, eləcə də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini dəyərləndirib.
- Bildiyimiz kimi, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfərlərini etdilər. Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirib, daha sonra işğal altında olan Dağlıq Qarabağda oldular. Ümumilikdə, həmsədrlərin regiona səfərlərini necə dəyərləndirirsiniz və gözləntiləriniz nədən ibarətdir?
- Hesab edirəm ki, həmsədrlər ilk növbədə münaqişə zonasında vəziyyəti dəyərləndirmək, həmçinin danışıqlar prosesinin stimullaşdırılması kimi işlər görürlər. Lakin onlar bu işin öhdəsindən tam olaraq gələ bilmirlər. Hazırda danışıqlar vəziyyətin, münaqişənin həlli üçün deyil, sadəcə danışıqlar xatirinə aparılır. Belə demək olarsa, real danışıqlar prosesinin əvəzinə danışıqlar prosesinin simulyasiyası həyata keçirilir. Məhz buna görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini elə də yüksək dəyərləndirmirəm. Biz onların bu istiqamətdə uğur əldə edə biləcəyinə dair şansın olub-olmadığını bilmirik. Çünki Ermənistan rəhbərliyinin məsələ ilə bağlı çox sərt mövqeyi var və bu ölkə münaqişənin hazırkı mərhələdə dondurulmasında maraqlıdır.
- Maraqlıdır ki, bu il Rusiya, Ermənistan və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hər üç ölkədə keçiriləcək seçkilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir edə bilər?
- Düşünürəm ki,seçkilərlə əlaqədar danışıqlar prosesinin stimullaşdırılmasına nail olmaq olduqca çətindir. Hər hansı bir razılaşmaya nail olmaq üçün güzəştə, kompromisə getmək lazımdır. Güzəştə nail olmaq çox çətindir. Kompromislər münaqişə tərəflərindən güzəştlərə gedilməsini şərtləndirir. Lakin həm Ermənistanda, həm də Azərbaycanda ictimai rəy olduqca patriotik xarakter daşıyır, seçkilər zamanı bu tendensiya daha güclənir, siyasətçilər patriotik əhval-ruhiyyənin girovuna çevrilir, bəzən isə onlar özləri belə əhval-ruhiyyənin yaranmasına şərait yaradırlar. Ona görə də seçkilər ərəfəsində kompromisin əldə olunacağı inandırıcı deyil.
- Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzaladıb. Yerli siyasi şərhçilər hesab edirlər ki, seçkinin qabağa çəkilməsi neqativ fatktorlarla bağlıdır. Azərbaycanda baş verənlər Moskvadan necə görünür? Fikrinizcə, hansı xarici faktorlar Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana təsir edə biləmir?
- Birincisi, Moskvada bu qərarı Azərbaycanın suveren hüququ kimi dəyərləndirirlər. İkincisi isə prezident seçkilərinin vaxtının irəli çəkilməsinin səbəbləri tam olaraq bizə aydın deyil. Bir mütəxəssis olaraq anlayıram ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi böyük ehtimalla düşmənin planları (seçki prosesinə müdaxilə, ölkədə vəziyyəti qarışdırmaq) ilə bağlıdır. Ölkə rəhbərliyi seçkilərin vaxtını irəli çəkməklə mümkün xarici planların, onların vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısını aldı. Moskvada Azərbaycandakı seçkilərin aprel və ya oktyabr ayında keçirilməsindən asılı olmayaraq, İlham Əliyevin qalib gələcəyinə şübhə etmirlər.
- Bu il, xüsusilə hər iki ölkədə seçkilərdən sonra Azərbaycan və Rusiya əlaqələrinin necə inkişaf edəcəyini gözləyirsiniz?
- Düşünürəm ki, həm Rusiya, həm də Azərbaycandakı seçkilərdə hazırkı rəhbərlik qalib gələcək. Nəticədə ölkələr arasında münasibətlər əvvəlki kimi inkişaf edəcək. Hazırda ölkələr arasında olan hörmət, başda iqtisadi, texniki və bir sıra sahələrdə pozitiv trend qorunacaq. Beynəlxalq təşkilatlarda Rusiya və Azərbaycan bir-birini dəstəkləmək mövqeyini sərgiləyir. Düşünürəm ki, 2018-ci ildə bu tendensiya davam etdiriləcək. Mən hər hansı inqilabi dəyişiklərin baş verəcəyini gözləmirəm.
Digər xəbərlər
loading...