Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində keçmiş müstəntiq Vüqar Abbasov dindirilib.
O bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncam götürülüb. V.Abbasov təqsirləndirilən şəxsi cinayət işinin istintaqı zamanı tanıdığını söyləyib: “Hadisə olan vaxtı Səbail Rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. İdarəyə məlumat daxil oldu, dərhal hadisə yerinə getdim. Ora çatanda ərazini mühafizə elədim. Maşının üstündə nömrə yox idi, axtarış elədim. Nömrə baqajdan çıxdı. Polislərdən soruşdum. Dedilər ki, sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı. O, hadisəni törətdiyini bildirdi. Əvvəl meyiti morqa apardıq. Sonra Əmrullanı dindiridim. Onun yalan danışdığını bildim. Dərhal sonra cinayət işi başlanıldı”.
Şahid ifadəsində qeyd edib ki, işlə bağlı araşdırma zamanı R.Rəhimov özü cinayəti etiraf edib.
Suallara cavab olaraq keçmiş müstəntiq qeyd edib ki, hadisədən xeyli sonra idarəyə məlumat verilib.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
Digər xəbərlər
loading...