Şirkət imzaladığı müqaviləyə hörmət etdiyi halda Azərbaycan Respublikasının qanunlarına hörmətsizlik edir
Vətənimizin əsrarıngiz təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri bütün dünyada məşhurdur. Bu zəngin təbii sərvətləri qorumaq, onun keşiyində durmaq hər bir azərbaycanlının borcudur.
Ümummili liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə hər zaman təbii gözəlliklərin qorunmasına çalışmış, bu məqsədlə mühüm dövlət proqramları qəbul etmişdir. Bu gün də cənab prezident İlham Əliyev tərəfindən Azərbaycan təbiətinin mühafizə edilməsi, bu zəngin sərvətlərin gələcək nəsillərə çatdırılması üçün əməli işlər görülür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti isə xüsusilə qeyd edilməlidir.
Son illər ölkəmizdə aparılan abadlıq-quruculuq işləri nəticəsində regionlarda xüsusi layihələr həyata keçirilir, yeni istehsalat müəssisələri, turizm obyektləri inşa olunur, minlərlə insan işlə təmin olunur. Lakin, təəssüflər olsun ki, görülən bu böyük işlərə kölgə salanlar da tapılır. Belələri şəxsi maraqlarını ön plana çəkdikləri, daha çox qazanmaq üçün istənilən qanunsuz əmələ hazır olduqları üçün onların əməllərinin ağır zərbəsi dövlətə və xalqa dəyir.
Şamaxıda bu günlərdə məhz belə qüvvələr ekoloji dəhşət yaşatmaqdadır. Samaxi Palace Platinum by Rixos otelində aparılan təmir işləri ətraf ərazilərin, yaşayış məntəqələrinin əsl faciəsinə səbəb olub. Təmir işlərini həyata keçirən Zetas AGT MMC otelin yerləşdiyi ərazinin təbii şəraitini , relyefini nəzərə almadan kortəbii şəkildə, rəsmi icazə olmadan qazıntı işləri aparır, nəticədə ətraf mühitə dəhşətli zərbə vururlar.
Rubrika.az saytına verilən məlumata əsasən otelin yerləşdiyi ərazi döyüş meydanını xatırladır. Xüsusilə qış ayları olmasına rəğmən havaların yağmurlu keçməsi burada dözülməz, keçilməz bir şərait yaradıb. Təmir işləri aparılan ərazi magistral yolun kənarında yerləşdiyi üçün avtomobillərin hərəkəti çətinləşib. Ətraf ərzilərdə yerləşən yaşayış məntəqələrinin sakinləri bu soyuq qış günlərində xüsusilə çətin vəziyyətə düşüblər. Zetas AGT MMC-nin apardığı abadlıq işləri sözün əsl mənasında bərbadlıq işlərinə çevrilib.
Rubrika.az saytına daxil olan şikayət əsasında təmir işlərinin aparıldığı ərazidə olduq. Bura sanki palçıq vulkanının püskürdüyü təbii fəlakət zonasını xatırladırdı. Ağır tonnajlı avtomobillər, yer qazan texnika hər tərəfi keçilməz vəziyyətə salmışdı. Asfalt yoldan əsər əlamət qalmamışdı. Cəngəlliyi xatırladan ərazidə əllərində qırmızı bayraqlar tutan işçilərdən başqa kimsə gözə dəymirdi. Maşınlar qazılan torpağı kor-koranə şəkildə yolun kənarına boşaldırdı. Burda elə bir vəziyyət hökm sürür ki, necə deyərlər iki göz lazımdır ki, oturub ağlasın.
Saytımıza verilən məlumata görə qazıntı işləri aparılan ərazidən çıxarılan torpaq problem yaratmamamq üçün kənarda yerləşən ərazilərə daşına bilər. Bu zaman heç bir ekoloji problem, eləcə də ətraf yaşayış məntəqələri üçün çətinlik yaranmaz. Təbii ki, məsafə uzandıqca məsrəf də artığı üçün Zetas AGT MMC daha sərfəli metoda əl atıb. Torpağ yolun bu tərəfindən qazıb o tərəfinə tökməklə məsələni bitmiş hesab edir. Rubrika.az saytına verilən məlumatda bunun sırf korrupsiya əməli olduğu iddia edilir. Çünki, məsafələri qısaltmaqla daha çox qazanc əldə etmək istəyən şirkət əməkdaşlarının viranedici əməllərinə başqa ad vermək olmaz.
Bizə verilən bilgiyə görə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də DYP-nin əməkdaşları ərazidə olaraq aparılan işləri dayandırıblar. Şirkətin Toğrul adlı əməkdaşı isə bizimlə söhbətində guya ETSN əməkdaşları ilə müvafiq razılığa gəldiklərini bildirmişdi. Həmçinin Toğrul bəy bildirdi ki, onların təmir işlərini qurtarmaq üçün müqavilə vaxtı var və nəyin bahasına olursa olsun həmin vaxta işlər yekunlaşmalıdır. Şirkətin əməkdaşının dediyinə görə torpaq daşıyan maşınların hər biri magistral yola çıxmazdan əvvəl təkərləri yuyulmalıdır ki, asfalt örtüyünə ziyan dəyməsin. “Normalda bir maşının təkərlərinin yuyulmasına 10-15 dəqiqə vaxt lazımdırsa indiki yağıntılı havalarda bu maşınların təkərlərinin yuyulması üçün 1 saat vaxt lazımdır. Biz axşama qədər maşın təkəri yuyub vaxt itirə bilmərik” deyən Toğrul bəy bundan artıq arqument səsləndirə bilmədi.
Göründüyü kimi, Zetas AGT MMC imzaladığı müqaviləyə hörmət etdiyi halda Azərbaycan Respublikasının qanunlarına hörmətsizlik edir. Çünki, təmir-tikinti işləri aparılan ərazidə ilk növbədə təhlükəsizlik tədbirləri aparılmalı, əraziyə törədiləcək ekoloji təhlükələr minimuma endirilməlidir. Mövcud vəziyyətdə isə Zetas AGT MMC Şamaxıda ekoloji böhran yaradır. Öz maraqlarını təmin etmək üçün turistik baxımdan əhəmiyyətli bir zonada ekoloji fəlakət yaşadılır. Bunun ən ağır zərbəsi isə Şamaxının əsrarəngiz təbiətinə dəyir. Əlaqədar təşkilatlar isə Zetas AGT MMC-nin bu dağıdıcı əməllərinə nədənsə susurlar. Görəsən bu susqunluq nədən qaynaqlanır?
Araşdırmalarımız davam etdirilir.
Digər xəbərlər
loading...