Müsavat Partiyası aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etməyəcək
Qərar fevralın 10-da Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyasında qəbul olunub.
Məclisdə əsas müzakirə mövzusu elə növbədənkənar prezident seçkilərində iştirak edib-etməmək məsələsi olub.
Müsavat Partiyası başqanı Arif Hacılı prezident seçkilərinin həm partiya, həm də ölkədan ötrü vacib, taleyüklü məsələ olduğunu vurğulayıb.
“Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması qeyri-qanunidir, onun legitim əsasları yoxdur. Çünki aprelin 11-nə təyin olunan prezident seçkiləri bundan əvvəl keçirilmiş saxta referendum nəticəsində qəbul olunan dəyişikliklərə söykənir. Digər tərəfdən, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar əsaslandırılmalı idi. İctimaiyyətə açıqlama, izahat verilməli idi. Ancaq Azərbaycan hakimiyyəti qərarın hansı zərurətdən doğması barədə tutarlı izahat verməyib”, – A.Hacılı deyib.
A.Hacılı şəxsi mövqenin seçkilərə qatılmamaqdan yana olduğunu, ancaq məclisin verəcəyi qərara əməl olunacağını ifadə edib.
Müsavat Partiyasının prezidentliyə namizədi, Milli Strateji Düşüncə Mrəkəzinin rəhbəri İsa Qəmbər də veriləcək qərarlara hazır olduğunu vurğulayıb.
“İştirak qərarı verilərsə, mübarizə aparıb potensialımızı ortaya qoymağa qadirik. Əgər iştirakdan imtina qərarı verilərsə, bunun da hesab edirəm ki, kifayət qədər əsasları, məntiqi var, ona əməl edəcəyik. İndiyədək partiyamızda növbədənkənar seçki qərarı ilə bağlı aparılmış müzakirələrdən çıxan bir nəticə var – İlham Əliyev seçkidən, xalqdan qorxur. Əgər İlham Əliyev seçkidən, xalqdan qorxmasaydı, belə olmazdı, seçkini oktyabrdan önə çəkmək üçün heç bir başqa əsas yoxdur”, – İ.Qəmbər vurğulayıb.
O deyib ki, qanunvericilikdə hansı hallarda növbədənkənar prezident seçkilərinin həyata keçiriləcəyi ilə bağlı konkret göstərişlər var.
“Həmin halların heç biri mövcud deyil. Biz bütün qərarlarımızda bu məqamı nəzərə almalıyıq”, – deyən İ.Qəmbər Müsavat Partiyasının Azərbaycandakı hakimiyyətlə heç vaxt separat danışıqlara getməyən, getməyəcək təşkilat olduğunu vurğulayıb: “Ona görə, mən seçkiyə qatılıb, bütün gücümüzü bir daha sınamağın tərəfdarı idim. Ancaq son günlərdə xeyli məsləhətləşmələrdə iştirak etdim. Mən də o qərarı verdim ki, nə qədər çətin olsa da, seçkidə iştirakdan imtina etməliyik. Ancaq bu, mübarizənin sonu kimi yox, yeni mərhələ kimi qəbul olunmalıdır”.
Çıxışlardan sonra seçkidə iştirak məsələsi səsə qoyulub. Məclis seçkidə iştirak etməməyə səs verib. (Azadlıq Radiosu)
Digər xəbərlər
loading...