Azərbaycanda piyada vurulması ilə bağlı yol-nəqliyyat hadisələrinin sayı yüksək olaraq qalır
Təkcə paytaxtda deyil, rayon və kənd yollarında da belə hallar intensivləşib. Bunu KİV-də qəza hadisələri ilə bağlı gündəlik xronika da təsdiqləyir. Virtualaz.org-un araşdırmasına görə, son 3 gün ərzində ölkə ərazisində 10 piyada vurulması hadisəsi qeydə alınıb. Ötən gün Sumqayıt şəhərində iki nəfəri avtomobil vurub. Bunlardan biri 13 yaşlı məktəblidir. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılsalar da, hər iki şəxsin vəziyyəti ağırdır. Ağdam rayonunda da avtomobil 3 piyadanı vurub. Yaralılardan 1-I ölüb, 2-si isə ağır yaralanıb.
İki gün əvvəl Zaqatala rayonunda 2-ci sinif şagirdi, 8 yaşlı Əli Cavadovu məktəbdən çıxarkən traktor vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.Tovuzda isə mişar daşı ilə yüklü “KamAZ” 7 yaşlı Elvin Əsgərovu yoldan keçən zaman vurub öldürüb. Piyada vurulmaları ilə bağlı üç fakt isə Bakıda baş verib. Nəticədə iki nəfər yaralanıb, bir nəfər isə ölüb.
Rayon yollarında DYP əməkdaşlarının azlığı və radarların olmaması da belə hadisələrin sayını artırır. Yaşayış məntəqələrində 60 km/saat sürət həddi nəzərdə tutulsa da, bəzən sürücülər avtomobili 100-120 kmsaat sürətlə idarə edirlər. Piyada vurulması ilə bağlı hadisələrin çoxalmasının əsas səbəblərindən biri yolların normal işıqlandırılmamasıdır. Heç də təsadüfi deyil ki, piyada vurulması ilə bağlı hadisələr əksər hallarda günün qaranlıq vaxtlarında baş verir. Digər tərəfdən isə rayon və kənd yollarında tez-tez piyada vurulması ilə bağlı xəbərlərinin olması bu yollarda intensivliyin, avtomobillərin sayının artması, Bakıya nisbətən rayonlarda nəzarətinin zəif təşkili ilə yanaşı piyadaların məsuliyyətə cəlbinə nadir hallarda rast gəlinməsi, sürücülük vəsiqəsi olmadan idarəetmə və digər hallarla əlaqədardır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, son günlər manevr imkanları məhdud nəqliyyat vasitələrinin iştirakı ilə, xüsusən də azyaşlıların vurulması ilə nəticələnən qəzalar göstərir ki, uşaqlar arasında maarifləndirmə aparmaq, onlara sürücünün görə bilmədiyi “kor xonalar”la bağlı məlumat vermək lazımdır: “Son günlər sürəti və manevr imkanları çox məhdud olan nəqliyyat vasitələri ilə - qoşqulu traktorla, mişar daşı yüklü "KamAZ"la piyada vurulmasından ibarət 3 ağır hadisə barədə məlumat yayılıb. İki hadisədə ölənlər uşaqlardır. Bu hadisələrin səbəbləri və şəraiti mənə məlum olmasa da, bir fakta diqqəti cəlb etmək yaxşı olardı. Belə nəqliyyat vasitələrini idarə edən sürücü, doğrudan da, ətrafında hər şeyi "kor zonalar" səbəbindən görə bilmir. Xüsusən də, mürəkkəb hərəkət şəraitində - döngədə, tıxac və ya sıxlıq olan yerdə və sair sürücünün başı elə qarışa bilər ki, imkanı olduğu istiqaməti də görməz. Bunu nəzərə almaq, xüsusən də, uşaqlara yaxşı öyrətmək lazımdır. Uşaqlar balacaboy və daha dinamik olduqlarından sürücü üçün daha "görünməz" olurlar”.
Xatırladaq ki, virtualaz.org dəfələrlə bu problemlə bağlı yazılar dərc etsə də, belə hadisələrə tez-tez rast gəlinməsi bizi təkrar eyni mövzuya qayıtmağa məcbur edir.
DYP rəsmiləri isə açıqlamalarında piyada vurulmaları ilə nəticələnən qəzaların sürücülərin qeyri-peşəkarlığı səbəbindən deyil, piyadaların günahı ucbartından baş verdiyini deyirlər. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev hesab edir ki, belə hadisələr əksər hallarda səkidə və ya piyada keçidində deyil, yolun hərəkət hissəsində baş verir:“Piyadaların vurulmasında ən çox piyadaların özlərinin təqsiri var. Əsas piyada qəzalarına piyadaların yolların onlar üçün təyin olunmayan yerlərindən keçməsi ilə bağlıdır. Sözsüz ki, yolların işıqlandırılmaması da burada müəyyən qədər rol oynayır”.
DYP rəsmisi deyir ki, piyada vurulmasının qarşısının alınması üçün ən çox təbliğat-maarifləndirmə işlərinə üstünlük verilir. Amma bununla belə piyadalar həm də inzibati məsuliyyətə də cəlb olunurlar.
Digər xəbərlər
loading...