ABŞ fond birjalarında indekslər yenidən kəskin şəkildə aşağı düşüb
8 fevral yekunlarına görə, “Dow Jones” indeksi 1033 bənd geriləyərək (mənfi 4,1 faiz) 23860 bənd olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, S&P indeksi 3.75% azalaraq 2581 bənd təşkil edib. “Nasdaq”da isə 3,9 faiz geriləmə qeydə alınıb. Hazırda “Nasdaq” indeksi 6777 bənddir.
“2017-ci ilin uzunmüddətli artım dönəmindən sonra qiymətli kağız bazarlarında “korreksiya” tendensiyası müşahidə olunur. “Növbəti “ayı” bazarı həyatımızda üzləşdiyimiz ən kəskin azalma olacaq” (Ayı bazarı – səhm birjalarında indekslərin azalması ilə müşahidə olunan bazar trendi - red.), – deyə investor Cim Rocers “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib.
İndekslər artıq bir həftə ərzində ikinci dəfədir ki, çökür. Fevralın 5-də “Dow Jones” 1175 bənd (4.6 faiz) aşağı düşmüşdü. Bu, indeksin tarixində rekord azalma sayılır. İndekslərin çöküşü Ağ Evin ABŞ iqtisadiyyatının uğurları haqqında bəyanatı fonunda baş verib.
ABŞ fond birjalarında yaşanan “təlatümdən” sonra dünyanın ən zəngin 500 insanı ümumilikdə 114 milyard dollar itirib.
Digər xəbərlər
loading...