Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ili tamam olur
1924-cü il fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yarandığı gündür.
1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.
Müstəqillik illərində çətinliklərlə qarşılaşan, ermənilərin silahlı basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunub və inkişafı təmin edilib. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyətli məqam əks olunub. Bu sənəd Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanıb və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilib.
Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunub ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Maddənin sənədə daxil edilməsi Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, bu sahədə aparılan fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir. (azvision.az)
Digər xəbərlər
loading...