Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib
İlham Əliyev bildirib ki, ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: "Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir".
Prezident deyib ki, gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcək: "Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcək: "Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verir". (azərtac)
Digər xəbərlər
loading...