Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb
“Qafqazinfo” xəbər verir ki, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
İdarənin xidmətdə olan əməkdaşları hadisə yerinə çatıb və obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşları ttərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub.
Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Digər xəbərlər
loading...