Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Tembon Dünya Bankının Azərbaycanla əməkdaşlığının qurulduğu 25 il ərzində həyata keçirilmiş layihələr zamanı əldə edilmiş nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğulayıb.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E. Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. E. Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin Dünya Bankının institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.
Bəs görəsən, DB-nin 25 il ərzində Azərbaycanda həyata keçirdiyi işləri ekspertlər necə qiymətləndirirlər? Baş bankirin də dediyi kimi, Azərbaycan Dünya Bankının hansı sahələrdəki təcrübəsindən yararlana bilər?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ötən illər ərzində Dünya Bankının Azərbaycanda hər hansı uğurlu bir layihəsi olmayıb: “Azərbaycan artıq 27 ildir ki, müstəqildir. Mən Elman müəllimdən soruşmaq istərdim ki, bu müddət ərzində Dünya Bankı bizim üçün nə edib? Onların hansı təcrübəsi bizim xeyrimizə olub? Mən bunu Dünya Bankının nümayəndələrinə də dedim. Ötən il sentyabrın əvvəlində Azərbaycana gəlmişdilər, mənimlə də görüşmüşdülər. Onlara dedim ki, sizin nizamnamənizdə də yazılıb ki, bu bankın əsas məqsədlərindən biri dünyada kasıblığın azaldılmasıdır. O cümlədən Azərbaycanda və digər ölkələrdə mikromaliyyələşdirmə layihələrini təşviq edirsiniz. Yəni ölkəmizdə əhalinin kreditləşdirilməsi kimi məsələlər hamısı Dünya Bankının bizə tövsiyələri olub. Onlara dedim ki, məhz bunun nəticəsində Azərbaycan əhalisini daha da kasıblaşdırmısınız. Borc əlindən intihar edirlər, ailələr dağılır. Bizim məmurlardan fərqli olaraq onlar tam səmimi etiraf etdilər ki, bunu özləri də bilirlər. Dedilər ki, bu sözlər bizə hər yerdə deyilir. Bir tərəfdən istəyirlər ki, kasıblığı aradan qaldırsınlar. Digər tərəfdən də bank sektorunun inkişafı üçün çalışırlar. Ancaq təkcə bu iki işlə məşğul olmurlar, bəzi layihələr üzərindən bizdən hətta gəlir də götürürlər. Dünya Bankı bizə kreditlər ayırır. Həmin kreditlərdən də gəlir götürür. Bu baxımdan bu bankın bizim üçün nələr edə biləcəyini mən hələ ki bilmirəm”.
Ə.Həsənovun sözlərinə görə, DB-nin Azərbaycanda həyata keçirmiş olduğu 3 layihə var ki, onların heç biri tam uğurlu olmayıb: “Təxminən 15 il öncə Dünya Bankı Azərbaycanda iki böyük layihəyə başladı .Biri korporativ idarəetmə layihəsi idi, digəri isə ipoteka kreditləşdirilməsi idi. Nəticə nə oldu, nə edə bildilər? Korporativ idarəetmə layihəsi 10 ilə yaxın davam etdi, sadəcə, pulları dağıtdılar, ortada heç bir nəticə yoxdur. Azərbaycanın hansı şirkətində normal korporativ idarəetmə var? Heç birində... İpoteka kreditləri ilə bağlı vəziyyət də həmçinin. Biz əgər İpoteka Fondunun ilkin sənədlərinə baxsaq, orada qeyd olunur ki, bu fond yaxın müddətdə özəlləşdirilməlidir. Yəni ipoteka kreditləri dövlət tərəfindən verilməməli idi, bu fond özəl quruma çevrilməli idi. Dünya Bankı guya bu ideya ilə gəlmişdi. Nəticə o oldu ki, İpoteka Fondu hələ də dövlətindir, o pul yenə də dövlətdən çıxır. Dünya Bankı heç bir səmərəli idarəetmə yarada bilmədi”.
Ekspert onu da vurğuladı ki, DB-nin xətti ilə yaradılan Kredit Bürosu bank sektorunda müsbət irəliləyiş yaratmaq üçün yetərli olmadı: “Dünya Bankının Azərbaycanda həyata keçirdiyi sonuncu layihə kimi Kredit Bürosunu deyə bilərəm. Həmin büro haqqında qanun da 2016-cı ildə məhz Dünya Bankının xətti ilə qəbul olunub. O zaman da çox yüksək fikirlər səsləndi ki, Dünya Bankı bu işləri həyata keçirir. Son nəticədə heç nə dəyişmədi. Sadəcə, Mərkəzləşmiş Kredit Reystrinin adını dəyişib Büro etdilər. Heç bir yenilik də yoxdur. Bununla demək istədiyim odur ki, Dünya Bankı bu günə kimi Azərbaycanda real bir iş görməyib. Onlardan öyrəniləsi nə var mən bilmirəm... Elman Rüstəmov bir qədər konkret desəydi, biz bilərdik. Dünya Bankının Azərbaycandakı nümayəndəliyində də real bir iş görülmür”.
Digər xəbərlər
loading...