Bu gün səhər saatlarına Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,50% azalaraq 61,48 dollar təşkil olub
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,31% ucuzlaşaraq 65,31 dollar təşkil edib. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir.
Oxu.Az-a bazarı şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar:
“Əvvəllər də qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı, spekulyativ müdaxilələrlə bağlı idi. Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar.
Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır.
Bir sıra OPEC ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatlıqlarını gizlətmirdilər. Belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər.
Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasilatında dövri olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirimləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub-saxlamasından xəbər verir”.
V. Bayramov hesab edir ki, neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma, dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər.
Digər xəbərlər
loading...