Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” adlı kitabının çap olunmasına qadağa qoyub
Bununla bağlı Cebhe.info-ya danışan ilahiyyatçı komitəni məkəməyə verəcəyini, həmçinin mövzu ilə bağlı video-çıxış hazırlayıb yayımlayacağını deyib.
“Məsələ ilə bağlı dünən quruma gedib, söhbət etdim. Təəssüflər olsun ki, bir nəfər şəxsin, ekspert kimi təqdim olunan adi bir ilahiyyatçının verdiyi bir rəy əsasında kitab qadağan olunur. Yəni bu ən azından biabırçılıqdır. Dəvət edib, o məsələni müzakirə etmək olardı. Görünür ki, ancaq tələsik belə bir qərarı verməyi seçiblər.
Təsəvvür edin ki, şeyxülislam bir kitab yazıb. Sonra da bu kitaba ilahiyyat fakültəsindən məzun olmuş sadə bir şəxs nə var-nə var, ilahiyyatı qurtarıb deyə, orada ekspertiza şöbəsində işləyir deyə rəy verir ki, bu kitab çapa uyğun deyil. Hamı da, sədrin müavini, bu sahəyə baxan insanlar da kitabı oxumadan qol çəkirlər ki, hə, bu deyibsə, vəssalam. Ona görə də bu məsələ ilə bağlı bir video hazırlayıb, öz düşüncələrimi açıqlayacağam. Bundan başqa da, nəticəsindən asılı olmayaraq, məhkəmə müraciət edəcəyəm. Çünki bu kitabın artıq ingilis, rus və türkçə versiyası hazırlanır. Bu kitab sabah digər ölkələrdə çıxanda, Azərbaycanda qadağan olunmuş kitabı adı ilə buraxılması, bizə başucalığı gətirməz. Bu gün senzura olmayan bir ölkədə, bu cür senzuranın tətbiq edilməsi və ekspertiza adlı bir qurumun olması həqiqətən də doğru bir yanaşma deyil”, - deyə Elşad Miri bildirib.
Qeyd edək ki, ilahiyyatçının söylədiyinə görə “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.
Digər xəbərlər
loading...