Qırğızıstan dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə edəcək
Bunu ölkənin baş naziri Sapar İsakov deyib. Baş nazir bildirib ki, bu addım satınalmalar sistemində korrupsiya hallarını azaldacaq. Belə ki, kriptovalyutalardan istifadə olunması dövlət xərclərini optimallaşdırmağa və büdcənin gəlir hissəsini artırmağa imkan verəcək.
Maraqlıdır, Azərbaycanda da kriptovalyutadan istifadəyə icazə verilə bilərmi və buna ehtiyac varmı?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bunun çox mürəkkəb məsələ olduğunu deyib. Çünki Azərbaycanda kriptovalyutanın tətbiqi ilə heç bir mexanizm hazır deyil: "Bununla bağlı hüquqi baza da yoxdur. Amma sevindirici məqamlardan biri də ondan ibarətdir ki, son günlər Mərkəzi Bankın bu istiqamətdə diqqəti artıb və əvvəlki dövrdə olduğu kmi konservativ deyil. Kriptovalyutanın araşdırılması, öyrənilməsi və əhəmiyyətinin müəyyən edilməsi ilə bağlı müəyyən addımların atılması gözlənilir. Bu isə ümidləri artırır ki, növbəti dövrlərdə Azərbaycanda kriptovalyutaların dövriyyəsinin rəsmi təsdiqi mümkün olsun. Belə bir şəraitdə Azərbaycan kriptovalyutalardan istifadə edə bilər. Amma bununla yanaşı bu istiqamətdə tələsik qərarların da qəbul olunması müəyyən qədər narahatlıqlara gətirib çıxarar".
Ekspertin fikrincə, kriptovalyutalarla bağlı yanaşma beynəlxalq maliyyə qurumlarında və xarici ölkələrin mərkəzi banklarında birmənalı deyil: "Xarici mərkəzi banklar kriptovalyutanın riskləri ilə bağlı məsələləri daha çox qabardır. Məsələn, Britaniya Mərkəzi Bankı kriptovalyutanın növbəti dövrlərdə əsas ödəniş vasitəsi olacağı ilə bağlı fikirləri daha çox dəstəkləyir. Hazırda daha çox mühafizəedici mexanizmlərin qurulmasına ehtiyac var. Çünki kriptovalyutalar həm də illeqal qrupların maraqlarına xidmət edən ödəniş sistemi hesab oluna bilər. Bu gün həmin qrupların ödəniş sistemindən yararlanmaq imkanları kifayət qədər genişdir. Nəzarət sistemləri zəif inkişaf edir. Həm dünyada, həm də Azərbaycanda bununla bağlı hər hansı bir mexanizm yoxdur. Bunun Azərbaycana tətbiqi ilə bağlı uzunmüddətli dövrdə hər hansı bir planlaşdırma gedirsə, eyni zamanda hüquqi bazanın yaradılması ilə bağlı nəzarət mexanizminin formalaşdırılmasına da zərurət yaranacaq".
Korrupsiya ilə mübarizə məsələsinə gəlincə, iqtisadçı əlavə edib ki, kriptovalyuta vahid ödəmə sistemi olaraq özünə xas texnalogiyalar üzərində qurulur. Bunu nəzərə alaraq, korrupsiya risklərini bu texnalogiyadan istifadə etməklə, müəyyən qədər məhdudlaşdırmaq olar. (cebhe.info)
Digər xəbərlər
loading...