Türkiyəni Suriyanın içərisinə çəkmək istəyirlər - iki məqsəd
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökumətin növbəti hədəfi Afrindən sonra Menbic bölgəsini PYD/YPG terror təşkilatından təmizləməkdir. Ankarada hakim partiya rəhbərliyi qarşısında çıxış edən prezident ABŞ hökumətinə mesaj göndərərək əməliyyatın davam edəcəyini bildirib.
Ərdoğan bildirib ki, əməliyyat Afrindən sonra Menbicdə davam edəcək və o torpaqların terrordan təmizlənib əsl sahiblərinə verilməsi baş tutacaq. Sitat: “Bunu Amerika görürmü? Cənab Obama da düzgün danışmadı, indi cənab Tramp eyni yolda gedir. Bizə ”Menbicdən çıxacağıq" dedilər. O zaman nədən dayanmışsınız? Haydı, çıxın. Kimləri gətirdiniz oraya? PYD, YPG, PKK-nı. Biz Menbicə o torpaqların əsl sahiblərinə təslim edilməsi üçün gedəcəyik, bizim fərqimiz budur".
ABŞ-ı tənqid edən Türkiyə prezidenti Vaşinqtonun Türkiyədən Afrin əməliyyatını bitirməklə bağlı tarix istəməsinin əsassız olduğunu deyib. Ərdoğan deyib ki, Türkiyə sərhəd ölkə Suriyada terror təşkilatının yerləşməsinin qarşısını almağa çalışacaq.
Türkiyə lideri onu da deyib ki, ordu Afrində irəliləməkdə davam edir. 1000-dən çox YPG üzvünün məhv edildiyini qeyd edən Ərdoğan Afrin əməliyyatının qətiyyətlə davam etdiriləcəyini söyləyib. Bir gün əvvəl isə o bəyan edib ki, YPG hərbi geyimində olan amerikalılar vurulacaq. Türkiyə prezidenti ABŞ-dan əsgərlərini Afrindən geri çəkməyi tələb edib. Fevralın 6-da isə ABŞ əsgərləri Türkiyə-Suriya sərhədində Türkiyənin Akçakale sərhəd məntəqəsi qarşısındakı ərazidə görünüblər.
Rəsmi məlumatlara əsasən, hazırda Suriya ərazisində ABŞ-ın 1700 hərbçisi var. Ancaq bir neçə ay əvvəl İŞİD əleyhinə koalisiyanın amerikalı general nümayəndəsi Suriyada 5 min hərbçilərinin olduğunu bildirmiş, daha sonra bu sözünü təkzib edərək yanlışlıq adlandırmışdı. Amerikalılar Suriyanın əsasən şimalında, kürdlərin (SDQ) nəzarətindəki Qamışlı, Menbic, Hasake, Raqqa kimi bölgələrdə yerləşib. Ancaq bir hissəsi xüsusi təyinatlı döyüşçülərdən, bir qismi isə təlimatçılardan ibarət olan amerikalı hərbçilər kürdlər üçün ciddi dəstək deməkdir. Çünki amerikalılar kürdlərə silah və döyüş təlimi keçir, həm də onlara informasiya-kəşfiyyat dəstəyi verirlər. Ərdoğanın açıqlaması isə göstərir ki, Afrində də amerikalılar var və onlar YPG geyimi ilə hərəkət edirlər.
Digər tərəfdən, amerikalılar kürdlərə quru əməliyyatlarında ciddi üstünlük təmin edəcək silah və texnika veriblər. Bu da Türkiyə ordusuna indi olmasa da, gələcəkdə ciddi problemlər yarada bilər. Yeri gəlmişkən, son günlər Türkiyə ordusuna qarşı müqavimət güclənib. Bu, bir tərəfdən ordunun Afrin ərazisində içəriyə doğru irəliləməsi ilə əlaqədardırsa, digər yandan, planlı təxribata bənzəyir. Son 3 gündə Türkiyənin Afrində iki tankı vurulub, İdlibdə əl-Əis qəsəbəsinə gedən Türkiyə ordusu konvoyu atəşə tutulub. Türk konvoyuna hücum nəticəsində bir hərbçi ölüb, 5 nəfər isə yaralanıb. Hücum raket və minaatanlarla həyata keçirilib.
Məsələ ondadır ki, formal olaraq İdlib Türkiyənin atəşkəsə nəzarət etdiyi bölgə hesab olunur və oradakı qüvvələrin böyük bir qismi Türkiyə ordusuna qarşı müqavimət göstərmir. Ancaq artıq ikinci dəfədir ki, Türkiyə ordusu konvoyuna hücumlar baş verir. Türkiyə ordusunun İdlibdəki hərəkəti Astana razılaşması əsasında aparılır.
Belə görünür ki, Türkiyənin Afrində, eləcə də İdlibdə eyni zamanda fəallaşması narahatlıq doğurur. Bu cür təxribatlar iki məqsəd güdə bilər. Birincisi, Türkiyə ordusunun imicini zədələmək, onun əməliyyat qabiliyyətini və funksiyalarını zəiflətmək, ikincisi isə həm Afrində, həm də İdlibdə toqquşmaya çəkmək, savaş meydanını genişlətmək və sonunda Ankaranı böyük bir savaşa, ya da başqa adla “Suriya bataqlığına” çəkmək.
Hələlik Türkiyə ordu komandanlığı ehtiyatlı yanaşır, qarşıdurmaya və genişmiqyaslı əməliyyatlara girmək istəmir. Ehtimal ki, Tel Abyadda görünən-görüntülənən amerikalı əsgərlər də eyni məqsədə xidmət edir. Suriyanın şimalı indi çox mürəkkəb oyun taxtasına çevrilib. Bəşər Əsəd, amerikalılar, ruslar, iranlılar (Hizbullah), türklər, kürdlər və hər biri bir ölkə və ya bir neçə ölkəyə bağlı olan radikal silahlı qruplar. Sözün həqiqi mənasında “ərəb saçına” dönən bölgədə sağlam və qərarlı bir xətt yürütmək çox çətindir. (musavat.com)
Digər xəbərlər
loading...