Azər Qasımlı: “İlqar Məmmədovu azadlığa buraxın, seçkilərə qatılaq, gücümüzü hesablayın”
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a prezident seçkisinin vaxtının dəyişdirilməsi ilə bağlı müsahibəsində hazırda həbsdə olan REAL sədri İlqar Məmmədov haqqında da fikirlər səsləndirib. Deputatın parlamentdə amnistiya ilə bağlı səsləndirdiyi təklifi ilə əlaqəli sual verən əməkdaşımız soruşub ki, təklifiniz İlqar Məmmədov və digərlərinin azadlığa buraxılmasına gətirib çıxaracaqmı?
Siyavuş Novruzovun cavabı isə bu cür olub: “Mən orda da dedim ki, bəzi insanlardan istifadə edib ölkə haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Çalışırlar ki, o adamları qabarıq şəkildə versinlər. Keçən seçkilərdə deyirdilər ki, İlqar Məmmədov ona görə tutulub ki, o, prezidentliyə ən real namizəddir. İlqar Məmmədov bir bələdiyyəyə seçilə bilməz, qaldı ki, prezident. Bu bəhanələrin qarşısını almaq üçün təklif etdim ki, amnistiya hamıya tətbiq olunsun!”
REAL hərəkatının icra katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əslində siyasi rəqiblərin bir-biriləri haqqında fikir söyləməsi, rəqibinin çəkisini azaltmağa yönələn bəyanatlar verməsi normaldır: “Siyasi praktikada bu, gözlənilir. Sadəcə olaraq, hakim partiyanın nümayəndələri bunu aşağılayıcı tonda edirlər ki, bu, doğru deyil. Ancaq yenə də belə yanaşmanı anlayışla qarşılayıram. Çünki İlqar Məmmədov ən böyük siyasi rəqiblərdən biridir. Bu siyasi rəqiblərin haqqında hakim partiyanın nümayəndəsi tərəfindən belə fikir söyləməkdən təbii bir şey ola bilməz. Əfvlə bağlı məsələyə gəlincə isə parlament çıxışında da hörmətli Siyavuş müəllim tərəfindən səsləndirilmişdi ki, əfv sərəncamı və amnistiya aktı qəbul oluna bilər.
Düşünürəm ki, mart ayında əfv gözlənilir və çox ümid edirik ki, bununla İlqar Məmmədov azadlıqda ola bilər. Halbuki azadlıqda olması onun haqqıdır. Çünki onun azad edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin iki qərarı var. Yəni heç əfvə də ehtiyac yoxdur. Ancaq hər bir halda əsas məsələ İlqar Məmmədovun azadlığa çıxmasıdır ki, bunu da mart ayında gözləyirik. Martda da olmasa, əgər may ayında amnistiya olarsa, çox güman ki, seçkilərdən sonra amnistiya aktı ilə bir çox siyasi məhbuslar, o cümlədən İlqar Məmmədovun azadlığa qovuşacağına ümid edirik. Mart ayında olsaydı daha yaxşı olardı. Çünki seçkilərdən öncə bu günə qədər siyasi məhbuslarla bağlı Avropadan hakimiyyətə qarşı olan təzyiqlərə də son qoyulardı. Bu da hökumətə sərf edir. Hər halda, yaxın aylarda İlqar Məmmədovun azadlığını gözləyirik”.
REAL-ın Təşkilat Komitəsinin koordinatoru Azər Qasımlı “Yeni Müsavat”a bildirib ki, Siyavuş Novruzov belə hesab edirsə, heç bir problem yoxdur: “İlqar Məmmədovun hüquqlarını bərpa edin, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını həyata keçirin, imzatoplama kampaniyasında iştirak edək. 40 mindən çox imzanı topladığımız təqdirdə seçkilərdə iştirak edək. O zaman analiz edib İlqar Məmmədovun güc və imkanlarının nə olduğunu hər kəs görsün. Əgər Siyavuş Novruzov və digər YAP nümayəndələri hesab edirlərsə ki, prezidentə rəqib yoxdur, biz isə hesab edirik ki, belə deyil. Rəqib var. Rəqibin güclü olub-olmamasını proseslərdə, seçkilərdə bilmək olur. Əsas şəxs həbsdədirsə, təbii ki, rəqib olmayacaq. İlqar Məmmədovun əfvə düşəcəyinə də inanmıram. Çünki onun əfvlə bağlı müraciət etmək fikri yoxdur. Ancaq amnistiya, hər halda, ola bilər. Bununla bağlı bir söz deyə bilmərik. Söhbət prezident seçkisində İlqar Məmmədovun iştirakından gedərsə, gərək o zaman amnistiya fevral ayında olsun və onun üzərindən məhkumluq götürülsün. Yayda olacaqsa, seçki ilə bağlı bunun mənası yoxdur. İlqar Məmmədovla vəkili və həyat yoldaşından başqa heç birimiz görüşə bilmirik. Artıq 3 ildən çoxdur ki, bu, belədir. Son bir neçə aydır ki, vəziyyət daha da pisdir. Hazırda İlqar Məmmədova kitab, məktub da göndərmək mümkünsüzdür. Görüşməsək də telefonla danışırıq. Səhhətində problem yoxdur, vəziyyəti yaxşıdır”.
A.Qasımlı REAL-ın partiyaya çevrilməsi ilə bağlı aparılan işlər barədə də məlumat verib: “Qurultayla bağlı bizə əngəllər törədilir. Yəni yer verilmir və müvafiq qurumlar tərəfindən açıq şəkildə məktub almışıq ki, bu məsələ ilə bağlı bizə müraciət etməyin. Deyirlər ki, qurultayınızı keçirməniz üçün bizdə sizə uyğun yer yoxdur. Ancaq halbuki Əmircan qəsəbəsində yerləşən mədəniyyət sarayını dəfələrlə digər siyasi təşkilatlara veriblər. Belə bir məlumat yayılmışdı ki, biz guya Gürcüstanda məxfi şəkildə qurultay keçirmək istəyirik. Bildirirəm ki, bizim heç zaman belə bir fikrimiz olmayıb. Qurultayımızı açıq şəkildə keçirəcəyik. İstər Bakıda, istər bölgələrdə və ya xaricdə olsun. Qurultayı keçirən zaman da öncədən ictimaiyyətə məlumat verəcəyik. Gürcüstan məsələsi ilə bağlı məlumatı hakimiyyət yayıb. Mesajları da odur ki, Gürcüstanda belə qurultay keçirmək istəsəniz, buna imkan verməyəcəyik. Hər bir halda qurultayla bağlı işlərimiz davam edir və müəyyən düşüncələrimiz var. Bir dəqiqə də olsun, bu işlərdə fasilə vermirik”. (musavat.com)
Digər xəbərlər
loading...