Azərbaycan və Ermənistanda seçkilərin eyni ayda yekunlaşması anlaşma əleyhinə daha bir subyektiv əngəli aradan qaldıra bilər; politoloqlar konflikt ətrafında yeni situasiya barədə; erməni gənclər isə hərbi xidmətdən yayınmağın yeni üsulunu tapıblar...
Azərbaycanda erkən prezident seçkiləri elan edildi. Artıq tarix də bəllidir - 11 aprel. Diqqət çəkən məqamlardan biri də Azərbaycandakı seçkilərin işğalçı Ermənistandakı növbəti prezident və baş nazir seçkiləri ilə zaman etibarilə təxminən üst-üstə düşməsidir. Bu da sövq-təbii Dağlıq Qarabağ münaqişəsi kontekstində bəzi maraqlı mülahizələrə yol açıb.
Yada salaq ki, Ermənistan apreldən etibarən parlamentli üsul-idarəyə keçəcək. Ölkədə əsas səlahiyyətli şəxs yeni prezident yox, yeni baş nazir olacaq. Baş nazirliyə əsas iddiaçı şəxs indiki prezident Serj Sərkisyan hesab edilir. Yeni prezident postuna isə hakim Respublikaçılar Partiyası prezident Sərkisyana yaxın şəxsin - Böyük Britaniyadakı səfir və imkanlı iş adamı Armen Sərkisyanın namizədliyini irəli sürüb. Həm prezidenti (martın 2-də), həm də baş naziri (aprel) hakim partiyanın çoxluqda olduğu parlament seçəcək.
*****
Beləliklə, Qarabağ müstəvisində qarşıdakı seçkilərlə bağlı maraqlı bir gəlişmə qeyd edilə bilər. Bu yöndə ekspert rəyləri də kifayət qədər maraqlı sayıla bilər. Məsələn, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyova görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağla bağı güzəştlərlə bağlıdır. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
“Səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi də ola bilər. Yəni Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi ilin sonuna təxirə salınsa, danışıqların tempi aşağı düşə və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qala bilər.
Qarabağ danışıqları ile ilgili görsel sonucu
“Prezident seçkilərinin vaxtının irəli çəkilməsinin xüsusi əhəmiyyəti var. Çünki bu həm Ermənistan, həm də Rusiyada keçiriləcək prezident seçkiləri ilə təxminən eyni vaxta düşür. Əgər prezident seçkiləri oktyabr ayında olsaydı, bu, Azərbaycan dövlətinin müəyyən qədər əl-qolunu bağlaya bilərdi”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli növbədənkənar prezident seçkilərinin elan edilməsi haqda sərəncam barədə danışarkən söyləyib.
O bildirib ki, seçkilər əvvəlcədən müəyyənləşdirildiyi kimi, oktyabrda keçirilsəydi, Dağlıq Qarabağla bağlı məsələlərdə hücum xarakterli siyasət yürütmək bir müddət çətinləşərdi. “Rusiya və Ermənistanla təxminən eyni vaxtda prezident seçkilərinin keçirilməsi, ölkədə qeyri-müəyyənliyə son qoyulması, prezident hakimiyyətinin formalaşması bundan sonra Azərbaycanın daha qərarlı, daha ardıcıl və hücumçu siyasi mövqe ortaya qoyması üçün vacib idi. Bu - prezident İlham Əliyevin müdrik qərarıdır. Əgər prezident seçkiləri oktyabrda keçirilsəydi, Qarabağ probleminin həllindən diqqəti müəyyən zaman yayındıra bilərdi. Bildiyiniz kimi, seçkilər öncəsi Qarabağ danışıqlarında durğunluq yaşanır. Apreldə Ermənistandakı seçkilərdən sonra Azərbaycanda payızda seçkilərin olduğunu nəzərə alaraq, bu durğunluq bir neçə ay uzana bilərdi. İndiki şəraitdə seçkilərin qabağa çəkilməsi və onun qonşu ölkələrdəki prezident seçkiləri ilə eyni vaxta düşməsi Qarabağ müzakirəsi üçün ”seçki fasiləsini" aradan qaldırır. Ən başlıcası isə Qarabağ problemi ilə daha ciddi məşğul olmaq üçün kifayət qədər vaxt və imkanlar qazandırır", - deyə politoloq bildirib.
*****
Qarabağ danışıqları ile ilgili görsel sonucu
Qeyd edək ki, bənzər fikirlər başqa ekspertlərin də dilindən səslənməkdədir. Bu qəbildən ehtimalın nə dərəcədə həyat qabiliyyətli olduğunu isə yəqin ki, zaman göstərəcək. İstənilən halda, işğalçı Ermənistanın əlində apreldən sonra heç bir seçki bəhanəsi olmayacaq ki, sülh danışıqlarını tormozlasın. Buna müəyyən mənada konflikt ətrafında yeni situasiya da demək olar. Odur ki, belə bir ehtiyatlı proqnozu da vermək olar ki, artıq aprelin ikinci yarısından Qarabağ danışıqları daha keyfiyyətli mərhələyə keçməlidir. Əks halda, bu güclənən müharibə riskləri demək olacaq.
Bu arada Ermənistanda ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib. Bu xüsusda erməni politoloq Manvel Sərkisyanın fikirləri diqqət çəkir. Onun sözlərinə görə, hazırda hakimiyyət ən genişmiqyaslı manipulyasiyaları ordu üzərindən aparır. “Ermənistanda kriminal-oliqarxiya siyasi sisteminin yarandığı, korrupsiya sxemləri vasitəsilə ordudan yayınan xüsusi kastanın formalaşdığı və orduda yalnız kasıbların xidmət etdiyi artıq aksioma çevrilib”, - deyə o bildirib.
M.Sərkisyan ölkədə dərin etibarsızlığın kök saldığına da diqqət çəkib. “Millət-ordu” strategiyası çərçivəsində xüsusi kastaya yanaşmanı qanuniləşdirmək niyyətləri də aydın görünür. Aydındır ki, belə yanaşma heç vaxt cəmiyyəti və ordunu birləşdirə bilməz. Əksinə, rejim korrupsiyanın yeni sferalarını yaradır və haqsızlıq dərəcəsini gücləndirir. Bu isə ordu və təhlükəsizlik məsələsinə vətəndaşların neqativ münasibətini yaradır. Yəni ordu xalqın doğma övladı olmur, əksinə, onların gözündə hər şeyi yeyən bədheybətə çevrilir. Aprel müharibə Ermənistan ordusundakı vəziyyəti və rejimin ordu üzərindən varlandığını açıq şəkildə göstərdi" - erməni politoloq əlavə edib.
*****
Manvel Sərkisyanın fikirləri əslində yeni deyil və bir daha həm erməni cəmiyyəti, həm də erməni ordusundakı acınacaqlı duruma dəlalət edir. Məhz hakim rejimin oliqarxlaşması üçün kasıb ailələri öz övladlarını orduya göndərmək istəmir və artıq Ermənistanda ciddi şəkildə çağırışçı problemi yaşanır.
Yeri gəlmişkən, eyni səbəbdən ötən il Ermənistan parlamenti tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv elədi və bu ölkədə kütləvi etirazlarla müşayiət olunmuşdu. Lakin hakimiyyət bildiyini elədi, çünki kriminal Sərkisyan rejiminə “topa qoymağa ət” lazıdır. Vəziyyəti ciddiyə alan erməni gəncləri isə hərbi xidmətdən yayınmaq üçün bütün mümkün üsullara əl atırlar. Bu da təzə fakt.
Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib. “Yeni Müsavat” «Report»a istinadən xəbər verir ki, hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən “Uiçerç Alport”un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.
İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: “Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.
Qeyd edək ki, “Uiçerç Alport” klubu Ovik Nersisyana kömək etmək məqsədi ilə vəkil tutub. Həmçinin onun İngiltərədə qalması üçün petisiya elan olunub. Artıq min nəfərin imzaladığı sənəd həftəsonu İngiltərənin Daxili İşlər Nazirliyinə göndəriləcək. Məhkəmə yekun qərarını fevralın 19-da açıqlayacaq. Nersisyan daha əvvəl vətənində “Pünik”in formasını geyinib.
Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır.(musavat.com)
Digər xəbərlər
loading...