Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə hələ də tapılmayıblar
Dekabrın 26-dan başladılan alpinistlərin axtarışları heç bir nəticə vermir. Alpinistlərin axtarışında heç bir fasilə verilməyib. Ehtimal olunan bütün istiqamətdə axtarışlar davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə də axtarışların davam etdirildiyi bildirilib. Ötən günlər ərzində alpinistlərin axtarışında xaricdən gələn mütəxəssislərin də bilik və bacarığından istifadə olunub. Ancaq cəhdlər nəticəsiz qalıb. Axtarışlar dərədə aparıldığı üçün xeyli çətin olduğu bildirilir. Buna baxmayaraq axtarış heyəti tez-tez əvəzlənməklə hava şəraiti imkan verdikcə axtarış işlərinin fasiləsiz şəkildə aparılmasına çalışılır.
Onu da qeyd edək ki, alpinistlərin axtarışı ilə əlaqədar Quba rayonunda Mahmuddərə ərazisində qərargah yaradılıb. Bəzi alpinistlər hesab edirlər ki, hazırkı şəraitdə axtarışların davam etdirilməsi oradakı qrupun da həyatı üçün təhlükə yarada bilər. Lakin yanvarın 9-da Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında demişdi ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. O bildirmişdi ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var. (musavat.com)
Digər xəbərlər
loading...