Ekspert deyir ki, neft ehtiyatımız bizə 25 il bəs edəcək
Azərbaycanda qeyri-neft iqtisadiyyatının qurulmasını zəruri edən səbəblərdən biri də ehtiyatların getdikcə tükənməsidir. Təkcə ölkəmizdə deyil, dünyada da 20-25 ilə neft ehtiyatlarının tükənəcəyi təxmin edilir. Bəs görəsən, Azərbaycan nefti nə zaman bitəcək? Həmin dövrdə nefti hansı enerji məhsulu əvəz edə biləcək?
“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neft ehtiyatlarımız bizə 25 il müddətinə bəs edəcək: “Azərbaycanın neft ehtiyatları ilə bağlı hesabatlara baxsaq, bundan sonra bizim ən böyük yataq blokumuz ”Azəri-Çıraq-Günəşli"dir. Oradan çıxarıla biləcək ehtiyat hazırda 500 milyon tondan çoxdur. Bundan sonra Dövlət Neft Şirkətinin balansında olan yataqlarda təqribən 200 milyon ton neft ehtiyatı var. Ümumilikdə bizim 700 milyon ton neft ehtiyatımız var. Azərbaycanın illik neft hasilatına baxsaq, cari ildə neft hasilatımız təqribən 37 milyon ton olacaq. Qrafiklə götürsək, yaxın 15 il ərzində orta hesabla illik 30 milyon ton hasilat gözlənilir. Bu o deməkdir ki, 700 milyon tonluq neft ehtiyatımız bizə 25 il müddətinə bəs edəcək. Təqribən 2042-ci ilə qədər olan dövrdə neft hasilatı davam edəcək. Ancaq ən aşağı templə götürsək, məsələn, illik hasilat 10 milyon tona düşsə, neft ehtiyatlarımız 2060-cı ilə qədər olan dövrü də əhatə edər. Əgər bundan sonra hər hansı yeni metod tətbiq olunmasa, neft ehtiyatlarımız bu əmsalla çıxarılsa, təqribən 2060-cı ildə neftimiz tükənə bilər. Lakin bu deyilənlər sırf neftə aiddir".
Ekspertin sözlərinə görə, neftdən fərqli olaraq kondensat hasilatı qarşıdakı illərdə arta bilər: “Neftdən əlavə, maye karbohidrogen adlanan kondensat da var. Bu yüzillikdə Azərbaycanın karbohidrogen hasilatında böyük bir yeri qaz tutur. Qazla paralel olaraq kondensat da hasil edilir. Bu isə ona gətirib çıxarır ki, kondensat hasilatı da neftin bir qolu kimi gündəmə gəlir. Hazırda ”Şahdəniz 1" layihəsindən biz ildə orta hesabla 2,5 milyon ton kondensat hasil edirik. Təqribən 2021-ci ildə “Şahdəniz 2" layihəsi tam gücünə çatanda, 16 milyard kubmetr qaz hasil ediləndə artıq əlavə olaraq, 3,5 milyon ton da kondensat hasil ediləcək. Ümumilikdə ”Şahdəniz" layihəsi üzrə 6 milyon ton kondensat hasilatı proqnoz edilir. Həmçinin kondensat hasilatı “Abşeron” yatağından da çıxarılır. “Abşeron”un birinci fazasından700 min ton kondensat hasil edilməsi planlaşdırılır. İkinci fazasından isə bundan 2 dəfə çox kondensat hasil edilməsi nəzərdə tutulur. Yəni ümumilikdə 2 milyon ton da oradan kondensat hasilatı gözlənilir. Kondensat hasilatı həm “Bulla”, həm də “Ümid” yatağında kondensat hasilatı olacaq. Bu nə qədər davam etsə, Azərbaycanın öz daxil tələbatı üçün Neft Emalı zavodunda neft emal edib özümüzün tələbatını ödəmək üçün lazımdır. Biz adicə bu yataqlardan çıxan kondensatı alıb emal etsək, bizim ehtiyaclarımız 2050-ci illərə qədər ödəyə bilər. Həmin müddət ərzində hasilat bir qədər azalacaq.
Bizim hazırkı proqnozlarımız 2018-ci ildən baxışdır. Deyə bilmərik ki, 2030-cu ildə neftin çıxarılma əmsalını nə qədər artırmaq olar. Bu gün Azərbaycanın quru yataqlarında, əsasən çar Rusiyası və SSRİ dövründə geoloji ehtiyatların çıxarılma əmsalı 20-25 faiz arasında olub. Ancaq BP şirkəti “Azəri-Çıraq -Günəşli”də nefti 50 faiz civarında çıxarır. Əgər biz 10-15 ildən sonra qurudakı yataqların - “Abşeron”un, “Siyəzən”in və digərlərinin neft çıxarma əmsalını 10 faiz artırsaq, bu bizə əlavə 100 milyon verə bilər. O baxımdan texnologiyadan və onların mənimsənilməsindən çox şey asılıdır".
İlham Şaban onu da vurğuladı ki, neft ehtiyatlarını gələcək nəsillərə saxlamaq mənasız bir işdir. Çünki zaman keçdikcə, dünya enerji bazarında neftə tələbat azalacaq: “Bir çox ölkələrin 50 il, 100 il öncə çox böyük kömür ehtiyatları olub. Lakin onun hamısını çıxartmayıblar, buna imkanları olmayıb. Ancaq artıq kömürə ehtiyac əvvəlki qədər deyil. Kömür əsasən enerji sektorunda və metallurgiyada istifadə edilən bir yanacaqdır. Ona ehtiyac da get-gedə azalır. Əgər kömürü vaxtında çıxartmayıblarsa, eləcə də yerin altında qalacaq. Bilmək olmaz, bəlkə 50 ildən sonra neftə ehtiyac olmayacaq. Ona görə də əgər hər hansı xammala müəyyən bir dövrdə tələbat varsa, həmin müddətdən istifadə etmək lazımdır. Bəzi insanlar ki, deyirlər gəlin nefti nəvə-nəticələrimizə saxlayaq, bu absurd yanaşmadır. Biz nəvə-nəticələrimizə bacarıq saxlamalıyıq ki, onlar öz dövrlərində biorobotlarla, başqa texnologiyalarla məşğul olsunlar”. (musavat.com)
Digər xəbərlər
loading...