Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Qüdrət Həsənquliyev: “Ərdoğanın İlham Əliyevlə bu mövzuda söhbəti olub”


BAXCP sədri Qüdrət Həsənquliyev Teleqraf.com-a müsahibə verib

Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam imzaladı. 2018-ci il aprelin 11-də növbəti prezident seçkiləri təyin olundu. Bu qərarı necə şərh edirsiniz?

- Düşünürəm ki, belə bir qərarın verilməsində bir neçə faktor rol oynayıb. Yəni bir yox, bir neçə səbəblər toplusu var. Bu, ilk növbədə ona görə zəruri idi ki, 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkiləri üst-üstə düşə bilərdi. Bu seçkilərin biri 6 ay qabağa çəkilməli idi ki, növbəti parlament və prezident seçkiləri üst-üstə düşməsin. Bu, zəruri idi və görünür, prezident parlamentin deyil, öz səlahiyyət müddətini 6 ay azaldıb.

İkinci mühüm məsələ Dağlıq Qarabağla bağlıdır. Bildiyiniz kimi, son zamanlar bu istiqamətdə Azərbaycan tərəfinin israrlı və təkidli mövqeyi nəticəsində danışıqlar prosesi yenidən bərpa olunub. Rusiya və onun müttəfiqi Ermənistanda eyni vaxtda prezident seçkiləri keçirilir və siyasi hakimiyyət yenidən formalaşır. Azərbaycanda seçkilər payızda keçirilirdi və payıza qədər heç bir iqtidar taleyüklü problemlə əlaqəli riskli qərarlar qəbul etməzdi. Bu səbəbdən də Azərbaycanın mövqeyi bu istiqamətdə zəif görünürdü. Odur ki, Rusiya və Ermənistanla eyni vaxtda yeni seçkilər keçirmək, yeni dövrə başlamaq faktoru da qərarın verilməsində rol oynaya bilər.

Beləcə Azərbaycanda seçkilər önə çəkilir və təqribən eyni vaxtda hər üç dövlətdə seçkilər keçirilir. Bunu zəruri edən səbəblərdən biri də odur ki, 2016-cı ilin Aprel döyüşündən sonra Azərbaycan Ermənistandan tələb edirdi ki, İrəvan konstruktiv mövqe sərgiləsin və problem həllini tapsın. Ermənistan isə daha üstün mövqe əldə etmək, nəzarətində olan torpaqların kiçik hissəsini itirməklə Azərbaycanı məcbur etmək istəyirdi ki, Bakı müşahidə missiyasının gücləndirilməsinə razılıq versin. Bununla da Ermənistan həm işğalçı ordunun təhlükəsizliyini təmin etmək, həm Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılması siyasətini davam etdirmək, həm də problemin həll edilməmiş qalmasını təmin etmək istəyirdi.

Azərbaycan xalqı da hökumətdən tələb edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılsın. Biz bundan sonra 25 il danışıqlar apara bilmərik. Doğrudur, iqtidar bəyan edir ki, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik. Amma bunun neçənci ildə bərpa ediləcəyi haqda konkret bilgi yoxdur. Bu tip suallar açıqdır və xalq da problemin həllini istəyir. Odur ki, iqtidar ciddi qərarlar qəbul etməlidir. Düşünürəm ki, iqtidar Dağlıq Qarabağ problemi istiqamətində daha qətiyyətli mövqe sərgiləsin deyə, prezident seçkilərinin Rusiya və Ermənistandakı seçkilərlə eyni anda keçirilməsi əhəmiyyət daşıyır. Ola bilsin ki, seçkilər haqqında qərarı şərtləndirən faktorlardan biri də bununla bağlıdır.

Digər bir səbəb kimi deyim ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır, Rusiya Azərbaycanın qonşusudur. Oradakı azərbaycanlılar pul qazanır və Azərbaycana göndərirlər. Başqa sözlə, Rusiyadakı proseslər Azərbaycana təsirsiz ötüşmür. ABŞ iddia edir ki, Rusiya ABŞ-dakı son prezident seçkilərinə müdaxilə edib. Hazırda Rusiyada prezident seçkiləridir və hamı bunun əksini gözləyir, düşünür ki, ABŞ kimi dövlət bunu cavabsız qoymayacaq və Rusiyadakı seçkilərə müdaxilə edə bilər.

Bütünlüklə Rusiya siyasi elitası üzvlərinin ABŞ tərəfindən sanksiyalar siyahısına salınması rus cəmiyyətində çalxalanmaya səbəb olub. Hələlik Rusiya elitasında təmsil olunan şəxslərin adı qara siyahıya salınıb. Bundan sonra isə sanksiyaların tətbiqi məsələsi gündəmə gələcək. Sanksiyaların tətbiqi isə daha ciddi nəticələr doğuracaq. Rusiyada sabitliyin pozulma ehtimalı var. Bu o demək deyil ki, ABŞ oradakı sabitliyi pozacaq və gərginlik yarada biləcək, amma bu ehtimal var. Düşünürəm ki, bu məqam da növbədənkənar prezident seçkiləri haqda qərar qəbul edilərkən nəzərə alınıb.

Qeyd edim ki, bizdə baş verən proseslərə təsir etmək gücündə olacaq digər mühüm hadisə Türkiyə ilə bağlıdır. Türkiyə böyük dövlətlərlə, hətta Suriya mövzusunda müttəfiq saydığı Rusiya və İranla razılaşmadan Suriyaya daxil olaraq sərhədləri boyunca terrorçulara qarşı əməliyyata başlayıb. Mən heç ABŞ və Avropa Birliyini nəzərə almıram. Bu dövlətlərin hər biri Türkiyədən narazı qalıblar. Müharibəni başlamaq çox asan, başa çatdırmaq isə olduqca çətindir. Böyük dövlətlərin razılığı olmadan Türkiyə bu addımı atıb və görürsünüz ki, hələ də türk ordusu Afrini tam təmizləyə bilmir, ordunun itkiləri artır. Qarşıdakı aylarda Türkiyədə durum necə olacaq, Türkiyə bu müharibəni nə qədər aparmaq gücündədir, iqtisadiyyat buna davam gətirəcəkmi, böyük dövlətlərin atacağı addım necə olacaq, siyasi sabitlik pozula bilərmi məsələləri açıq qalmaqla yanaşı, həm də risklidir.

Üstəlik, Türkiyədə baş verən proseslər də Azərbaycana ciddi təsir edir. Rusiya və Türkiyə müəyyən mənada Azərbaycana yaxın dövlətlərdir. Fikrimcə, bu faktorlar da növbədənkənar seçkilərin keçirilməsi haqqında qərarın qəbulunda rol oynayıb.

Mənim qiymətləndirməmə görə, sonuncu arqument o ola bilər ki, Qərbin müəyyən dairələri Azərbaycandakı seçkilərə müdaxilə etmək haqqında müəyyən planlar qura bilərdilər. Amma seçkilərin 6 ay önə çəkilməsi bu destruktiv qüvvələrin hazırlıq işlərini poza bilərdi.

Məncə, sadaladığım faktorlar erkən seçkilərin keçirilməsini şərtləndirib. Ancaq hansı faktorun burada daha çox təsiri olması o qədər də önəmli deyil. Birinin çox, birinin az təsirli olmasından asılı olmayaraq, düşünürəm ki, bu faktorların hər birinin erkən seçkilərin keçirilməsində rolu olub.

- Maraqlı arqumentlər irəli sürdünüz, bu qərarın ölkədaxili siyasətə hansı təsirləri olacaq?

- Normalda seçkilərə bir il qalmış istənilən ölkədə siyasi proseslər başlayır. Azərbaycanda da bütün siyasi təşkilatlar bilirdilər ki, 2018-ci il ölkədə seçkilər ilidir. Yəni seçkilərin altı ay tez və ya gec keçirilməsi heç nəyi dəyişmir. Bu baxımdan desəm ki, qərar siyasi təşkilatlara tam təsirsiz olub, doğru olmazdı. Məsələn, biz qurultayımızı mayın sonu və ya iyunun birinci yarısında keçirməyi planlaşdırırdıq. Artıq rayonlarda konfranslara hazırlıqlar başlamışdı. Martın 1-dən konfranslar keçiriləcəkdi. Ancaq indi biz seçkilərə qurultay keçirmədən getmək məcburiyyətindəyik.

- Yəni sizə də təsir edib...

- Əlbəttə. Mən dedim ki, müəyyən təsirləri var. Amma ümumən, qlobal götürdükdə partiyaların hamısı bilirdi ki, bu il seçki ilidir və hamısı da seçkiyə hazırlaşırdı. Yəni seçkilərin 6 ay önə çəkilməsinin partiyaların işini tam pozduğu haqda fikirləri qəbul etmirəm. Təşkilati baxımdan bizim partiya qurultayını elan etmişdi, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaratmışdı. Ancaq yəqin ki, indi qurultayı keçirə bilməyəcəyik və Ali Məclis toplanaraq buna münasibət bildirəcək.

- Yəni bu qərar heç bir halda ölkədaxili siyasi amillərlə bağlı deyil?

- Yox. Mən hesab edirəm ki, yuxarıda sadaladıqlarımın hamısı xarici faktorlardır. Düşünürəm ki, xarici faktorlar əsas rol oynayıb və nəticədə prezident növbədənkənar seçkilərin vaxtını elan etdi. Bildiyiniz kimi, növbədənkənar seçkilərlə bağlı mən məsələ qaldırmışdım, sonra başqa siyasətçilər də qaldırdı. Amma YAP rəsmiləri qeyd edirdilər ki, seçkilər vaxtında keçiriləcək. Lakin zaman və şərait də diktə etdi ki, növbədənkənar seçkilər keçirilsin.

- Siz namizədliyinizi irəli sürəcəksiniz, yoxsa vahid namizəd ideyasını daha vacib hesab edirsiniz?

- Təxminən fevralın 9-dan sonra seçkilərə 60 gün qalacaq. Bu o deməkdir ki, seçkilərə 60 gün qalmış seçki prosesi elan olunmalıdır. Yəqin ki, yaxın günlərdə MSK təqvim planını təsdiq etməli, namizədlərin irəli sürülməsi başlamalıdır. Düşünürəm ki, bir həftə ərzində seçki platforması və hakimiyyətə münasibəti bizim partiya ilə yaxın olan partiyalarla danışıqlar aparacağıq. Yaxın 10 gün ərzində partiyamızın seçkilərə öz namizədi ilə gedəcəyi və ya başqa namizədi dəstəkləyəcəyini elan edəcəyik. Sözün doğrusu, bizim partiya vahid namizəd məsələsində güzəştə getməyə hazırdır. Çalışacağıq ki, daha çox partiya bir araya gələ bilsin. Tam səmimi deyirəm ki, Azərbaycanın güclü müxalifətə ehtiyacı var. Onsuz da iqtidar kifayət qədər güclüdür. Müxalifətin güclü olması vacibdir və bunun üçün də müxalif partiyalar bir araya gəlməlidir. Buna da nail olmaq üçün partiyalar güzəştə getməyi bacarmalıdır.

- Siz parlamentdə təmsil olunan partiyaların vahid namizədi ideyasını irəli sürürsünüz?

- Yox. Mənim parlament partiyaları ilə də danışıqlarım olacaq. Amma parlamentdən kənar və mövqeləri bizə yaxın partiyalarla da bu istiqamətdə danışıqlarımız olacaq.

- Müsavat Partiyası namizədini elan edib, Milli Şuranın mövqeyi hələlik aydın deyil. Bu mənada parlamentdən kənar müxalifətin bu prosesdə iştirakını necə görürsünüz?

- Milli Şuradan söhbət gedirsə, Əli Kərimlinin seçkilərə girməsi az ehtimal olunur. İkinci Cəmil Həsənli olsa, onun namizədliyi üzərində dayanılacaq. Özü seçkiyə daxil olsa, kampaniyanın hansısa mərhələsində geri çəkiləcək.

- Sizdə bu qənaət hardandır?

- Onun indiyə qədər sərgilədiyi mövqe bundan ibarət olub. Əli Kərimli parlament seçkilərində qalib gələ biləcəyini düşündüyü üçün sona qədər iştirak edib. Amma prezident seçkilərində belə bir şansın olmadığını bildiyindən və əminəm ki, indi də bu fikirdədir, heç vaxt sona qədər seçkiyə qatılmayıb. Ya başqa bir namizədi müdafiə edib, ya da seçkiyə qatıldıqdan sonra geri çəkilib. Etibar Məmmədovu müdafiə etməyi yəqin ki, yadınızdadır. Odur ki, bu düşərgənin seçkiləri boykot edəcəyi daha inandırıcı görünür. Yəqin ki, növbədənkənar seçkilər məsələsini əsas götürərək seçkini boykot edəcəklər.

Müsavat Partiyası artıq İsa Qəmbərin namizədliyini irəli sürüb və seçkilərə qatılacağını bildirib. İsa Qəmbərin səhhətində problem var. Ola bilər ki, Müsavat da İsa Qəmbərin səhhətini əsas götürərək seçkiyə qatılmasın. Həm də bu düşərgənin bir gözləntisi var idi ki, qarşıda zaman var, danışıqlar aparıb Qərbdən dəstək almaq olar. Amma növbədənkənar seçkilərin elan olunması ilə bu imkanları faktiki məhdudlaşıb. Onların da seçkini boykot etməsi mümkündür.

Düşünürəm ki, belə olacağı təqdirdə Azəraycana lazım olan konstruktiv müxalifətin önə çıxma imkanları var. Fikrimcə, bu qüvvələr dediyim faktoru dəyərləndirməlidir. Qiymətləndirməlidirlər ki, ölkədə sağlam müxalif qüvvələr müxalifət elektoratını bir araya gətirsin, onların dəstəyini qazana bilsin. Hər şey bu qüvvələrin nə dərəcədə sağlam düşüncə ilə məsələyə yanaşmasından və ambisiyalarını boğa bilməsindən asılı olacaq.

- 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyada Milyarderlər İttifaqı deyilən təşkilat yaranmışdı. Siz yenə bu tipli yeni konfiqurasiyalar gözləyirsinizmi?

- Hesab edirəm ki, növbədənkənar seçkilərin elan olunması ilə kənarda məkrli planlar vardısa da, artıq pozulub. Yəni zaman yetərli deyil ki, hansısa qüvvvələr nələrsə qurub onu hərəkətə gətirsinlər.

- Prezident İlham Əliyevin namizədliyinin elan olunması, bunun ardınca erkən seçkilər haqda qərar hakim partiyanın nə dərəcədə monolit olduğunun göstəricisi ola bilərmi?

- Mənə elə gəlir ki, iqtidarın birliyini saxlaması üçün İlham Əliyev tək namizəd ola bilər. Mən bu haqda əvvəllər də fikrimi demişəm. Düşünürəm ki, hakim partiya üçün indiki dövrdə ən uğurlu namizəd İlhan Əliyevdir. Onlar da bunun üzərində dayandılar.

Açığını qeyd edim ki, biz seçkiyə qatılacağıq. Baxmayaraq ki, seçkilərdə müxalifətin uğur qazanma imkanları məhduddur. Çünki müxalifətin maliyyə, strukturlaşma, media imkanları zəifdir. Ancaq ölkədə siyasi mədəniyyəti formalaşdırmaq, çoxpartiyalı siyasi sistemi inkişaf etdirmək üçün mütləq seçkilərə qatılmaq lazımdır. Əhalini alternativ fikir və ideyalarla silahlandırmaq lazımdır. İqtidarın siyasətində olan nöqsanlar deyilməlidir. Seçki kampaniyası partiyalara əhali ilə təmasda olmaq baxımından imkanlar verir. Odur ki, seçkilərə mütləq qatılmaq lazımdır.

Ancaq iqtidardan xalqın gözləntiləri daha çoxdur. Hazırda iqtidarın ən böyük siyasi uğuru ölkədə olan sabitlikdir. Amma sabitlik statik xarakter daşımamalıdır. Çünki sabitlik statik xarakter daşıyanda artıq bu, durğunluq dövrü kimi dəyərləndirilir. Odur ki, sabitlik dinamik xarakter daşımalı, islahatlar keçirilməlidir. Məncə, maliyyə, iqtisadi sahədə, məhkəmə hüquq sistemi, dövlət idarəetməsi istiqamətində islahatlar aparılmalıdır. Xalq bunu gözləyir. Keçmişdə olanlar xalqı az düşündürür. Xalq düşünür ki, sabitlik qorunub saxlansın. Bu da ölkə iqtisadiyyatını gücləndirsin, əhalinin maddi durumu yaxşılaşsın. Sözsüz ki, güclü ölkə həm də Dağlıq Qarabağ problemini həll etmək gücündə olacaq. Xalqımız istənilən iqtidardan bunu istəyir. Düşünürəm ki, iqtidar bunun fərqindədir.

Ordu quruculuğu ilə bağlı da ciddi islahatların aparılması lazımdır. Məsələn, bir araşdırma aparsanız, görərsiniz ki, bizdə gənclər hərbi məktəblərə ən aşağı balla daxil olurlar. Niyə istedadlı gənclər ordunu seçmirlər? SSRİ-də ən istedadlı gənclər ordunu seçirdilər. Sözsüz ki, orduda olmaq, vətəni qorumaq şərəfli iş olmaqla yanaşı, hərbçi digərləri ilə müqayisədə həyatını daha çox riskə atır. Orduya gedənlər də leytenant rütbəsi aldıqdan sonra SSRİ-nin harasına göndərilirdisə, dərhal mənzillə təmin olunurdu. 25 il xidmətdən sonra da Moskva və Leninqrad istisna olmaqla SSRİ-nin istənilən şəhərində onlara ev verirdilər. İnsana ilk növbədə ev lazımdır. Sonra da ailəsini dolandırmaq üçün normal maaş. Orduda da maaş yaxşı idi. Odur ki, istedadlı gənclər başqa sahəyə gedib 20 il işləmək və ev növbəsində durmaqdansa, ordunu seçirdilər. Orduda da ali hərbi məktəblərə daxil olmaq üçün böyük intellektual rəqabət olurdu. Ancaq bizdə aşağı balla məktəblərə daxil olma halları var. Gənclər başqa ali məktəblərə girməyəcəklərini bildikdə, kənarda qalmamaq üçün hərbini seçirlər. Əlbəttə, hamı ordunu bu prinsiplə seçmir, amma mən dediyim prinsip də mövcuddur. Orduda intellektual zabitlərimiz olmalıdır. Nəzərə alın ki, müasir ordu köhnə ordu demək deyil. İndiki ordu müasir artilleriya, aviasiya, dronlar, lazerlə idarə edilən reaktiv mərmilər, raketlər deməkdir. Bunun üçün sən fizikanı, həndəsəni, riyaziyyatı yüksək səviyyədə bilməlisən. Yüksək texnologiyaya əsaslanan hərbi texnika və silahlardan istifadə etmək üçün intellektli, istedadlı gənclər lazımdır. Əks halda sizə nə qədər güclü silah versələr də, komandir silahdan harada və necə istifadə etməyi bacarmırsa, hərbi xəritə üzərində işləyə bilmirsə, planlar cıza bilmirsə, texnika heç nəyə yaramaz. Biz peşəkar ordu quruculuğuna getməli və çalışmalıyıq ki, intellektual gənclər məhz ordumuza gəlsinlər. Bunun öhdəsindən gələ bilsək, sizi inandırıram ki, çox işlər görə bilərik. Eləcə də istedadlı gənclərimizin diplomatiya sahəsinə gəlməsinə yol açmalıyıq. Xarici siyasət istiqamətinə yeni insanlar cəlb olunmalıdır. Bütün sahələrdə islahatlar aparılmalıdır.

- Milli Məclisin sonuncu iclasında Amnistiya Aktı haqqında fikirlər səsləndirilib. Siz, bu haqda nə düşünürsünüz?

- Mən Amnistiya Aktının verilməsinin tərəfdarıyam. Düşünürəm ki, Amnistiya da, Əfv də olmalıdır. Əfv ona görə lazımdır ki, seçmə yolu ilə, bəzi halalrda 1-2 şəxsə görə, hansısa bir ağır və ya xüsusilə ağır cinayətlərə görə, məsuliyyət nəzərdə tutan normalar Amnistiyaya daxil edilməsin. Əks halda ağır cinayət törədən insanlar azad olacaq. Odur ki, müəyyən adamlar əfv oluna bilər. Digər hallarda isə Amnistiya Aktı tətbiq edilə bilər. Mən ümumiyyətlə, dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayət törədən şəxslərin əfv edilməsinin və ya onlara amnistiya tətbiq olunmasının tərəfdarı deyiləm. Təbii ki, istisnalar hər zaman ola bilər. Düşünürəm ki, cəzalarının böyük hissəsini çəkən insanların cəzası qismən yüngülləşdirilə bilər və ya onların azad edilməsinə 1 il qalırsa, amnistiya tətbiq edilə bilər. Amma bütövlükdə ağır və xüsusilə ağır cinayət törədən cinayətkarları cəmiyyətə buraxmaq olmaz. Lakin bizi qarşıda çox böyük əlamətdar hadisələr gözləyir. Ona görə də, amnistiyanın verilməsini alqışlayır və dəstəkləyirəm.

- 2018-ci il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Siz də, bu məsələyə daima diqqət edirsiniz. Hətta həmkarınız Fazil Mustafa ilə birlikdə Nuru Paşaya abidə qoyulması təşəbbüsü ilə çıxış etmişdiniz. Cümhuriyyətin 100 illiyi ilə bağlı nələrin olmasını istədriniz?

- Hesab edirəm ki, Bakının daşnaklardan təmizlənməsində müstəsna rolu olan Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsinə ehtiyac var. Mən Prezident Ərdoğanın bir açıqlaması ilə tanış oldum. O, qeyd edib ki, bu istiqamətdə Azərbaycan prezidenti ilə söhbəti olub və Bakının işğaldan azad edilməsinin 100 illiyini Türkiyə və Azərbaycan təntənəli şəkildə qeyd edəcək. Düşünürəm ki, bu məsələdə bir razılıq əldə ediləcək, addımlar olacaq. Əslinə qalanda abidənin qoyulması bizim Nuru Paşaya vəfa borcumuzdur. Çünki bu, tarixi faktdır və Nuru Paşanın xalqımız üçün etdiklərini insanlarımız bilir. Abidənin olub-olmaması, məncə, siyasi əhəmiyyət daşıyır. Mən deyərdim ki, abidənin iki ölkənin qardaşlığının simvolu kimi əhəmiyyəti var. Amma Nuru Paşa vaxtında etdikləri ilə öz abidəsini insanların qəlbində ucaldıb. Abidəni qoymaqla biz qədirbilən insanlar olduğumuzu nümayiş etdiririk. Yəni abidəni qoymaqla Nuru Paşanı böyütmürük, özümüzü böyüdür, hansı dəyərlərə sahib olduğumuzu nümayiş etdiririk. Bu, Nuru Paşaya yox, bizə lazımdır.
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media