Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır
Bu barədə Şirkət məlumat yayıb.
Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır.
2017-ci ildə Gədəbəy ərazisində hasilat qızıl ekvivalentində 71 461 unsiya təşkil edib.
Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır. Ötən il şirkət 59 617 unsiya qızıl, 1 991 ton mis hasil edib.
Qeyd edilib ki, bu il hasilat proqnozunun artırılmasının səbəbi 2017-ci ildə həyata keçirilən optimallaşdırma işləri, “Uğur” açıq mədəni və “Qadir” yeraltı mədənində hasilatın davam etdirilməsi, “Gədəbəy” yatağından hasilatın yenidən başlanması ilə əlaqədardır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
Ötən il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirib. Bu çərçivədə "Gədəbəy" açıq mədənində may ayından başlayaraq hasilat azaldılıb.
“Qadir” yeraltı mədənində də qazma aparılması üçün ötən ilin fevralında filiz hasilatı dayandırılıb.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.(“Report”)
Digər xəbərlər
loading...