Son günlər dünyanın ən dəyrli kriptobalyutası hesab olunan "Bitkoin” sürətlə ucuzlaşır və artıq 6 min dollardan da aşağı düşüb
Mütəxəssislər Asiya iqtisadiyyatında kriptovalyutalara dövlət müdaxiləsinin olmasının, bəzi ölkələrdə kriptovalyuta ilə bağlı qaydaların sərtləşdirilməsinin, təhlükəsizlik, kiberhücumlar və oğurlanma kimi risklərin olmasının "Bitkoin"in dəyərlərinin düşməsinə səbəb olduğunu bildirirlər.
Ötən ay Çin, Cənubi Koreya və Hindistan kriptovalyutalarla bağlı yeni qanun layihəsinin qəbul ediləcəyini açıqlanmışdı. Lakin son bir həftədə "Bitkoin"in bu qədər dəyər itirməsinin əsas səbəbi Hindistanın maliyyə naziri Arin Kautlinin kriptovalyutadan istifadənin qadağan olunacağı ilə bağlı açıqlaması olub. Bu, başda "Bitkoin" olmaqla digər elektron valyutaların da məzənnəsinə təsir göstərib. Həmçinin, ABŞ və Böyük Britaniyada bir sıra bankların kredit kartları hesabına kriptovalyutaların alınmasını qadağan etməsi də elektron pul vahidlərini dəyərdən salıb.
Bəs kriptovalyutaların, xüsusilə də ötən ilin ortalarından etibarən dünyada məşhurlaşan "Bitkoin”in qiymətinin birdən-birə artması və tez bir zamanda bu qədər enməsi əslində onu inhisar altına almaq istəyən birja maqnatlarının bir oyundurmu?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı-ekspert Sabit Bağırov gələcəyin kriptovalyutalarda olduğunu və baş verən proseslərin əslində obyektiv xarakter daşıdığını bildirib:
"Bu amillərin hamısının qiymətlərin enməsində müəyyən mənada rol oynayır. Keçən ilin axırında kriptovalyutaların qiymətində müşahidə etdiyimiz yüksəliş müəyyən ajiotajla, qərarlarla, birjalarda kriptovalyutaların fyuçers müqavilələrinin satışı ilə əlaqədar idi. Amma sonra müşahidə etdiyimiz düşüşlər də müəyyən mənada obyektiv xarakter daşıyır. Hələ ki, kriptovalyutaların kapitallaşması elə də yüksək səviyyədə deyil. Yəni, biz bu gün dünyada olan aktivləri nəzərdən keçirsək, görərik ən böyük aktivlər daşınmaz əmlakdır, torpaqdır. Hətta qızıl aktivləri ümumi aktivlərin 6 faizini təşkil edir. Kriptovalyutaların aktivləri isə bazarda heç 1 faizə çatmır. Ona görə bu bazarda böyük maliyyə qrupları çox asanlıqla oynaya bilir.
Amma obyektiv proses ondan ibarətdir ki, gələcək kriptovalyutalarındır. Bu düşüşlərə baxmayaraq, dünyada 1400-ə yaxın kriptovalyuta var ki, bunlar içərisində çox az sayda olanları getdikcə bahalaşacaq. Mən bunu gözləyirəm və başqa yolu da yoxdur. Dünya getdikcə rəqəmsallaşır, iqtisadiyyat rəqəmsal iqtisadiyyata çevrilir. Bütün ödənişlər ən yaxın zamanda tamamilə nağdsız həyata keçiriləcək və ənənəvi pullar ümumiyyətlə istifadədən götürüləcək. Dünya artıq bu istiqamətdə inkişaf edir. Əslində birjaların oynaması təkcə kriptovalyutada deyil, neftin qiymətində də son 1 ildə 2 dəfə artım olub. Yerində duran valyuta yoxdur. Dollar belə müəyyən vaxtlarda inflyasiyaya məruz qalır və qiymətdən düşür.
Kriptovalyutalardakı düşüşlər ilk növbədə onunla əlaqəlidir ki, bu, yeni bir fenomendir və getdikcə daha böyük diqqət cəlb edir, bazara daha böyük oyunçular daxil olur. Əlbəttə bu qalxma və enmələr hər zaman olacaq".
Sabit Bağırov bankların digər xidmət sahələrinə diqqət ayırmalarının vacibliyini vurğulayıb:
"Bankların mübarizəsi əslində açıq mübarizə deyil. Bir çox banklar başa düşür ki, qazanc imkanları azalacaq. Çünki, blokçeyn texnologiyası imkan verir ki, insanlar öz aralarında birbaşa, vasitəçisiz əməliyyatlar həyata keçirə bilsinlər. Əgər bu, baş verirsə, deməli vasitəçiyə ehtiyac olmayacaq. Ona görə də banklar gərək başqa xidmət sahələrinə diqqətlərini artırsınlar və yeni iqtisadiyyatda yerlərini möhkəmləndirsinlər. Kommersiya banklarının bir çoxu bağlanacaq. Bu, yaxın 10-15 ilin gözlənilən gələcəyidir. Hətta Böyük Britaniya Mərkəzi Bankının xüsusi hesabatında da qeyd olunur ki, gələcəkdə kommersiya banklarına yer yoxdur. Ola bilsin ki, hər ölkədə bir Mərkəzi Bank qalacaq və bütün vətəndaşların, fiziki və hüquqi şəxslərin rezident, qeyri-rezident hesabı burada cəmləşəcək. Təbii ki, bu, ağır prosesdir”.
Ekspert Azərbaycanda kriptovalyuta oyunçularının bir çox ölkələrlə müqayisədə çox az olduğunu bildirib:
"Kriptovalyuta oyunçuları bir neçə qrupa bölünür. Birincisi, mədənçilərdir. Onlar birbaşa kriptovalyutaların yaradılmasında iştirak edirlər. Təəssüf ki, Azərbaycanda onların sayı çox azdır. Bu, bir bazardır. İqtisadiyyat gərək bu yöndə də inkişaf etsin. İkincisi, kriptovalyutaları alıb gələcək üçün saxlayanlardır ki, onlar bunun gələcəyinə inananlardır. Digər bir qrup isə burada sadəcə qazanmaq məqsədini güdərək, müxtəlif birjalarda alış-verişlə məşğul olanlardır. Azərbaycanda ümumiyyətlə kriptovalyuta ilə məşğul olanların sayı qonşu Gürcüstanla müqayisədə bəlkə 10 dəfə azdır. Gürcüstan bu sahədə çox irəlidə gedir. Belarus artıq bu prosesləri leqallaşdırıb. Rusiyada da hökumət səviyyəsində hazırda bununla bağlı qanunvericilik hazırlanır, ciddi araşdırmalar aparılır. Başa düşürlər ki, gələcək bunun üzərində qurulub və kommersiya banklarına yer yoxdur”.
Sabit Bağırov kriptovalyutaların cinayət amillərini artırması ilə bağlı iddialara da münasibət bildirib. O, qeyd edib ki, bu, məlumatsız adamların cəfəngiyyatıdır:
"Bunu danışanlar məlumatsız adamlardır. Düzdür, müəyyən qədər anonimlik var, amma birjaların platformalarına daxil olsaz, görərsiniz ki, orada iz qoymadan kriptovalyuta almaq müşkül məsələdir. Belə ki, kriptovalyuta almaq istəyərkən sizdən pasport, yaşayış ünvanını təsdiqləyən sənədlər, bəzilərində hətta vergi qeydiyyatı, şəkil tələb olunur. İkincisi, daha böyük miqdarda cinayətkarlıq əslində elə ənənəvi pullarla həyata keçirilir”.
Digər xəbərlər
loading...