“Milli Şuranın Prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər onların zəifliyini və seçkilərə hazır olmadıqlarını göstərir”
Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, radikal müxalifətin nəinki Prezident, ümumilikdə digər seçkilərdə də iştirak etmək gücü və potensialı, nə də cəmiyyətə təqdim edəcək hər hansı bir yaradıcı platforması var: “Seçkilər hansısa bir partiyanın, yaxud siyasi təşkilatın, eləcə də ölkəni təmsil edəcək liderin seçilməsi üçün keçirilir. Milli Şura əgər indiyə qədər mövcud olduğu dövrdə Prezident seçkilərinə hazırlıq keçirməyibsə, özünün siyasi texnologiyasını işləməyibsə və kadrlarını hazırlamayıbsa, onda onların özünü ciddi təşkilat adlandırması gülünc görünür”.
A.Mirzəzadə qeyd edib ki, Milli Şuranın yalnız adı var, heç bir ciddi tərəfdar dairəsi yoxdur: “Ötən seçkilərdən bu yana Milli Şuranın hansısa ciddi fəaliyyət göstərdiyini, hansısa güc mərkəzi olduğunu görə bilməmişik. Bu səbəbdən də insanların seçkilərdə iştirak etməməsi ilə bağlı çağırışları elə bir əhəmiyyət daşımır. Çünki Azərbaycan xalqı çağırışa görə deyil, vətəndaşlıq borcuna, özlərinin fəallığına görə seçkilərdə iştirak edirlər. Odur ki, Milli Şuranın seçkilərlə bağlı çağırışı cəmiyyətə heç bir təsir göstərməyəcək”.
Hakim partiyanın şöbə müdiri əlavə edib ki, aprelin 11-də keçirilməsi nəzərdə tutulan növbədənkənar Prezident seçkilərində kimin iştirak edib-etməyəcəyi elə də böyük əhəmiyyət daşımır: “Ümumilikdə cəmiyyət seçkidə iştiraka və Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsində maraqlıdır. Biz də bunun şahidi olacağıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Milli Şura isə Prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib.
Digər xəbərlər
loading...