“Yeni Müsavat”ın ötən sayında dərc olunan “Əhali kütləvi müayinədən keçəcək, bəs keyfiyyət...” başlıqlı məqalədə yer alan fikirlərə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən reaksiya verilib
Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Adıçəkilən yazıda isə bu tibbi müayinələrin hansı istiqamətlər üzrə və hansı keyfiyyətdə keçiriləcəyi ilə bağlı suallar yer alırdı.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bu suallara cavab olaraq bildirib ki, bu müayinələr ənənəvi olaraq ölkə başçısının göstərişi əsasında həyata keçirilir: “Səhiyyə nazirinin müavini Nigar Əliyeva belə bir sərəncam imzalayıb və müayinələrin keçirilməsi ilə bağlı qərar verilib. Bu müayinələrdə hər bir vətəndaşın əhatə olunması nəzərdə tutulub. Bildiyiniz kimi, bizdə poliklinikalar vətəndaşlara ərazi prinsipi üzrə xidmət göstərir. Hər bir vətəndaşın aid olduğu ərazi var və bu ərazilərin hər biri üzrə sahə həkimləri, terapevtlər nəzərdə tutulub. Terapevt vətəndaşa baxış həyata keçirir, onu müayinə edir. Daha sonra vətəndaşı diqqətlə dinləyir. Vətəndaş səhhətində olan problemləri, narahatlıqlarını danışır. Həkim vətəndaşı dinlədikdən sonra onu əlavə müayinələrə göndərir. Zərurət olduqda qan analizi götürülür, digər zəruri müayinələr həyata keçirilir. Ehtiyac olduqda vətəndaş ixtisaslaşmış səhiyyə müəssisəsinə, məsələn, Ağ ciyər xəstəlikləri institutuna və digərlərinə göndərilə bilər”.
Məlumatda o da deyilir ki, bu ixtisaslaşmış müəssisələrdən həkim briqadalarının regionlara ezamiyyə olunması nəzərdə tutulub ki, müxtəlif rayon xəstəxanalarında fəaliyyət göstərsinlər: “Müayinə işləri daha sürətlə həyata keçirilməlidir. Bu müayinələrə olduqca ciddi yanaşılır və yüksək səviyyədə keçirilməsi nəzərdə tutulur. Hər bir səhiyyə müəssisəsinin əhatə etdiyi ərazi var və o müəssisənin təchizatı da həmin əraziyə uyğun müəyyən olunur. Sizin dediyiniz avadanlıqlar həmin ixtisaslaşmış müəssisələrdə var. Vətəndaş poliklinika həkimi tərəfindən diqqətlə müayinə olunur, əgər ehtiyac varsa həmin vətəndaş dövlətin səhiyyə müəssisələrində həmin avadanlıqlarda müayinə keçirilməsi üçün göndərilir. Hazırda dövlət səhiyyə müəssisələrində bütün zəruri avadanlıqlar ən müasir variantda quraşdırılıb, əhalinin xidmətinə verilib. Müayinələr zamanı hər bir vətəndaşa fərdi yanaşılır və sırf onun səhhətində olan problemlə bağlı istiqamətə yönəldilir. Bu məsələyə çox ciddi yanaşılır. Çünki söhbət kütləvi müayinədən gedir”. (musavat.com)
Digər xəbərlər
loading...