“Ölkə prezidenti, YAP sədri cənab İlham Əliyevin sərəncamını çox yüksək qiymətləndirirəm, onun hər bir qərarı kimi, bu addımı da hakim partiyanın üzvləri tərəfindən birmənalı şəkildə qəbul olunur, dəstəklənir. Burada ikinci bir söz, başqa mövqe ola bilməz”
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncama münasibət bildirərkən deyib.
Komitə sədri hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurada təmsil olunduğunu xatırladıb.
“Bizim YAP olaraq, prezidentliyə bir namizədimiz var ki, o da sədrimiz cənab İlham Əliyevdir. Bu qərar da elə-belə verilməyib. İstər cəmiyyətimizdə, istər dünyamızda çox önəmli hadisələr, proseslər yaşanır. Cənab prezident həmin hadisələrə və proseslərə uyğun, adekvat addımlar atır və son sərəncam da məhz bu məntiqdən irəli gəlir. Burada indi başqa nəsə axtarmağa ehtiyac yoxdur və ölkə prezidentinin bütün addımları kimi, bu sərəncamı da hər birimiz, 710 minlik YAP ordusu tərəfindən çox yüksək qiymətləndirilir, birmənalı qəbul və təqdir olunur”.
Hadi Rəcəbli deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda – oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu.
“Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur”.
Hadı Rəcəbli xatırladıbki, ötən dövr ərzində prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib.
“Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...