Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb
Xüsusən turizm və kənd təsərrüfatı sahələrinə dövlətin tətbiq etdiyi vergi güzəştləri və subsidiyalar bu sahələrdə çalışan insanlara ciddi dəstək verməkdədir. Ancaq təəssüflər olsun ki, kənd təsərrüfatı sektorunda hələ də ciddi problemlər qalmaqdadır.
Kənd təsərrüfatı sektorunda bəzən müəssisə rəhbərləri strukturun yuxarı instansiyalarında çalışan məsul şəxslərlə əlbir olaraq dövlətin mal-mülkünü talan edirlər. Bu cür neqativ hallardan biri də Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verib. Bir qrup Beyləqan rayon sakini-İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına göz yuma bilməyərək Qlobal.az-a müraciət edib.
Çərkəz Şirinov
Saytımız vasitəsilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Beyləqan rayon sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından danışırlar.
Şikayətçilər yazırlar:
"Hörmətli Mehriban xanım!
Yazaraq Sizə bildiririk ki, 2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş "Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilmişdir. Həmin gündən biz "Dostluq” MMC-nin içilərinin qara günləri başlamışdır. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çxartmışdır.
Dəfələrlə şifahi və yazılı müraciət etsək də, Çərkəz Şirinov bizə "sizi işə götürməyəcəm, əlinizdən gələni edin” deyir. Biz dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə müraciət edərək ləğv olunmuş müəssisələrin hüquqi varisinin yeni yaradılmış müəssisə olduğu üçün bizlərin də orada işləməli olduğunu bildirmişik. Lakin Çərkəz Şirinovun kənd təsərrüfatı nazirliyindəki havadarı, tələbə yoldaşı, ailə dostu, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir".
Şikayətçilər daha sonra bu müəssisədə vergidən yayınma hallarının və "pripiska"nın olduğunu qeyd edirlər.
"Bu iki şəxs birləşərək yeni yaradılan idarənin gəlirlərini mənimsəməklə məşğuldirlar. Belə ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov heç bir qanunları tanımır, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur.
Cənab Prezident və Siz gecə-gündüz demədən çalışaraq dövlət büdcəsinin artması üçün çalışırsınız. Lakin bu şəxslər dövlət vergisindən yayınır, DSMF-na hesabat vermirlər. Bütün bunlar haqqında lazımi yerlərə məlumat vermişik".
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçilər müəssisə direktoru ilə nazirliyin şöbə müdirinin mütəşəkkil formada müəssisəni necə talan etdiklərinə də aydınlıq gətirirlər.
"Hörmətli Mehriban xanım!
Bu təsərrüfat həm də heyvandarlıq təsərrüfatıdır. Bu sahə tamamilə dağıdılmış vəziyyətdədir. Belə ki, il yarım bunda əvvəl komissiyanın iştirakı ilə təhvil götürülmüş iri və xırda buynuzlu heyvanlar tam yararlı olduğu halda Çərkəz Şirinov havadarının dəstəyi ilə heyvanları çıxdaş adı altında sataraq 3-4 kq ətin qiymətinə sənədləşdirmişdir. Bütün bunlara nəzarət etməli, qarşısını almalı olan Tofiq Qocayev isə bu cinayətə "göz yumur”. Yəqin ki, marağı qarşısında.
Taxılın Respublika üzrə göstəricisi 30-35 sentner olduğu halda 18 sentner, pambığın 20-30 sentner olduğu halda 12 sentner, hər 100 baş qaramaldan 100 başa bala alındığı halda 30 bala, hər yüz qoyundan 80 bala alındığı halda 25-30 bala alan Çərkəz Şirinov yerdə qalan vəsaitləri mənimsəmişdir.
Bu direktorun özbaşınalıqlarını bir məktubla tam əhatə etmək mümkün deyildir. Bəlkə Siz bu adama qanunların başa salınması üçün tapşırıqlar verəsiniz.
Sizdən artıq dərəcədə xahiş edirik bizim hüquqlarımızın bərpasına və Çərkəz şirinovun qanunsuz fəaliyyətinin araşdırılmasına tapşırıqlar verəsiniz"-deyə, şikayətçilər qeyd edir.
Redaksiyadan: Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Digər xəbərlər
loading...