Azərbaycan Prezidenti İlham Əliyev 3-4 günün içində ikinci (birinci strateji qərar hakim Yeni Azərbaycan Partiyasının qurultayını gözləmədən partiyadakı müavini Əli Əhmədovun açıqlaması vasitəsilə prezident seçkisində iştirak edəcəyini anons etməsi idi) strateji qərarını verdi
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında verdiyi sərəncamı şərh edən politoloq Elxan Şahinoğlu deyib.
“Siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayır ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur”, - siyasi şərhçi qeyd edib.
Politoloq hesab edir ki, prezidentin sözügedən qərarının arxasında iki amil dayanır:
“Birincisi, ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil, ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.
İkincisi, xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya Prezidenti Vladimir Putin Bakıya gəldi və hakimiyyəti rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.
Üçüncüsü, Azərbaycanda mayda Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri mayda daha güvənilir şəkildə keçirmək istəyir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Digər xəbərlər
loading...