Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) keçirilən elmi-praktiki seminarda Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, MQİMO-da keçirilən "Qafqaz keçmişdə və indi (cəmiyyət və siyasət, iqtisadiyyat və mədəniyyət)" adlı seminarın 27-ci iclasında İnstitutun "Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, ermənipərəst Vadim Muxanovun "1918-ci ilin Şamxor faciəsi: tarix, gedişi və nəticələri" (Шамхорская трагедия 1918 г.: предьстория, ход и последствия) adlı məruzəsi dinlənilib.
Tədbirdə azərbaycanlı alimlərin iştirakına qadağa qoyulub. Təkidlərdən sonra azərbaycanlı tarixçilər tədbirə buraxılsa da, təşkilatçılar tədbirin media üçün nəzərdə tutulmadığını əsas gətirərək, azərbaycanlı jurnalistlərə bu imkanı yaratmayıblar.
V. Muxanov yazdığı kitaba dair məruzəsində Şəmkir hadisələri zamanı güya azərbaycanlıların I Dünya müharibəsindən qayıdan rus əsgərlərini vəhşicəsində qətlə yetirdiyini, Azərbaycan ərazisində onların başına qırğınlar gətirildiyini qeyd edib. Müəllifin fikrincə, həmin dövrdə azərbaycanlıların bu fəaliyyəti Qafqazda vətəndaş müharibəsinə səbəb olub. Bundan əlavə, ermənipərəst müəllif monoqrafiyasında Azərbaycan xalqını təhqir edib. O, azərbaycanlıları "müsəlman bandası", "tatar şaykası" adlandırıb.
Tədbirdən sonra APA-nın suallarını cavablandıran Solmaz Rüstəmova -Tohidi Vadim Muxanovun Azərbaycanın elm dairələrinə çoxdan məlum olduğunu söyləyib: "Onun Azərbaycanla bağlı mövqeyini yaxşı bilirik. Əslində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində bu kitabın nəşri və onunla bağlı məruzə hazırlanması təsadüfi deyil. Seminarda bildirdim ki, Azərbaycanda müəllifin monoqrafiyada əsk olunan fikirlərinin qərəzli olduğu qənaəti hakimdir. 1918-ci ilin yanvarın 8-12-də Şəmkir stansiyasında baş verən hadisə hərbi əməliyyat olub. Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdi.
Sual verdim ki, müəlif həmin hərbi hissələrin statusunu necə müəyyənləşdirib? Muxanov monoqrafiyada onları rus əsgəri adlandırır. O, sualıma cavab verə bilmədi. İkinci sualım belə oldu ki, vətəndaş müharibəsi deyəndə nəyi nəzərdə tutub. Kitabda azərbaycanlılar və gürcülər bolşevik hakimiyyətini qəbul etmədiklərinə görə günahlandırılırlar. Onu da soruşdum ki, kitabda ermənilərə niyə yer verilməməsi ilə bağlı idi?
Kitabda Zaqafqaziya ölkələrindən bəhs edilsə də, ermənilərin fəaliyyətindən söz açılmayıb. Muxanov ümumi sözlərlə suallara cavabdan yayındı".
S.Rüstəmova-Tohidi bildirib ki, erməni alimlər onun çıxışına mane olmağa çalışıblar.
S. Rüstəmova-Tohidi Azərbaycan əleyhinə olan bu tədbirin MQİMO-da keçirilməsinin çox təəssüf doğurduğunu vurğulayıb.
Tədbirdə çıxış edən tarix elmləri namizədi Eldar Abbasov V. Muxanovun yazdığı monoqrafiyada heç bir tarixi mənbədən istifadə etmədiyini bildirib: "Ona sualım da məhz bununla bağlı idi. Muxanov tarixi mənbəsini açıqlaya bilməzdi, çünki onun mülahizələri heç bir tarixi mənbəyə söykənmirdi".
Tədbirdə iştirak etməsinə baxmayaraq, çıxış imkanı verilməyən rusiyalı tarixçi-alim, erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxsaylı monoqrafiyanın müəllifi Oleq Kuznestov MQİMO-da Qafqazşünaslıq problemləri ilə bağlı tədbirlərin müntəzəm keçirildiyini söyləyib: "Bu tədbir bir tərəfdən akademik, digər tərəfdən isə formal xarakter daşıyırdı. Bu cür tədbirlərdə monoqrafiyalar müzakirə olunur və onların nəşr olunmasına tövsiyyə verilir. Tədbirin keçirilməsinə əsas məqsəd Vadim Muxanovun bu monoqrafiyasının iki ay sonra, aprel ayında, məhz Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində çapdan çıxarmaqdır. Bu işin əsas məqsədi Azərbaycan xalqının müstəqillik əldə etməsinin 100 illiyi ilə bağlı keçirəcək tədbirlərə kölgə salmaqdan, ləkə yaxmaqdan ibarətdir".
MilliYol.Az
Digər xəbərlər
loading...