Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Hindistan Respublikasının 89 vətəndaşı saxlanılıb
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycan Respublikasına gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və bir nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.
Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycan Respublikasına gətirilməsini Hindistan Respublikası vətəndaşı, 22.01.1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.
Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Munna” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
Qeyd olunan mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycan Respublikasında leqallaşdırılmasını təmin edəcəklərini vəd veriblər. Onlar Azərbaycan Respublikasına gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft buruqlarında işə düzəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əməkhaqqı adı altında 600 manat məbləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qazanıblar. Təşkilatçılar dələduzluq yolu ilə öz həmvətənlərinin vəsaitlərini mənimsəyib və həmin əcnəbilərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar.
Sajid Frazın həyat yoldaşı, Azərbaycan Respublikasının vətəndaşı, 25.02.1992-ci il təvəllüdlü Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.
Digər xəbərlər
loading...